Təl-Əviv küçələri döyüş meydanına çevrilib

İsrailin paytaxtı Təl-Əvivdə baş nazir Benyamin Netanyahu və hökumətinin istefasını tələb edən minlərlə insan küçələri yandırarkən, ərazi döyüş bölgəsinə çevrilib.

Benyamin Netanyahu və hökumətinə qarşı etiraz edən və məhbuslarla bağlı razılaşma tələb edən minlərlə insan ölkədə təcili seçkilərin keçirilməsini tələb edərkən küçələri yandırıb. Rejim polisi ilə nümayişçilər arasında qarşıdurma yaranarkən polis tüstü bombalarından istifadə edib.

Minlərlə insan Qüdsdə baş nazirin iqamətgahı qarşısına toplaşaraq sionist İsrail hökumətinə etiraz edib və təcili seçkilərin keçirilməsini istəyib. Ehtiyatda olan zabit Benni Barabaş nümayişdə çıxış edərək, “Bir rəhbər olaraq Netanyahu günahkardır. O, “Ölüm-yaşam seçimi qarşımızdadır” deyərkən nümayişçilər şüarlar səsləndiriblər.

Nümayiş təşkilatçısı çıxışında hökuməti səlahiyyətlərindən imtina etməyə çağırıb və “Hər yerdə xaos hökm sürür, bu siyasətin nəticəsi xaos siyasətinin özüdür” söyləyib.

İsrail Baş Nazirliyinin loqosunu daşıyan karvan Netanyahunun iqamətgahından çıxarkən, hökumət əleyhinə nümayişçilər avtomobillərin qarşısını almağa çalışıblar.

Baş nazirliyin mühafizəçiləri və digər təhlükəsizlik qüvvələri konvoyun keçməsinə icazə vermək üçün nümayişçiləri yoldan çıxarıb. Netanyahunun konvoyda olub-olmaması ilə bağlı məlumat paylaşılmayıb.