Əhsən Nuruzadənin apellyasiya məhkəməsi təxirə salındı: hakimlər məzuniyyətə gedir

Mayın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının koordinatoru Əhsən Nuruzadənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə dair məhkəmə prosesi təxirə salınıb. Təxirə səbəb kimi məhkəmə heyətinin məzuniyyətə getməsi əsas gətirilib və məhkəmənin 20 iyun tarixində davam edəcəyi elan olunub.
Qeyd edək ki, Müsəlman Birliyi Hərəkatının (MHB) kordinatoru Əhsən Nuruzadə oktyabrın 6-sı Səməd Vurğun bağınınn yaxınlığında qara rəngli "JEEP" markalı maşın tərəfindən naməlum istiqamətə aparılıb. Sonradan onun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı məlum olub. Oktyabrın 10-da ona qarşı cinayət işi açılıb. Ə. Nuruzadənin vəkili Yalçın İmanov onun Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunması barədə məlumat verib. Yaxınları onun ictimai fəaliyyətinə görə həbs edildiyini bildirir. Hal - hazırda Ə. Nuruzadə Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasındadır.