Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə AXCP üzvü Orxan Baxışlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə gənc fəalın özü və vəkili Elçin Sadıqov da iştirak ediblər.
Qeyd edək ki, ötən prosesdə olduğu kimi məhkəmə zalına məhdud sayda insanlar buraxılıb, məhkəmədə iştirak etmək istəyənlər, eləcə də media nümayəndələrinin zala keçməsinə əsassız olaraq imkan verilməyib.
Bugünkü məhkəmə iki polis nəfərinin – Naib Ömərov və Nəsimi İsmayılovun şahid ifadələri ilə davam edib. İfadə zamanı müdafiə tərəfi Naib Ömərovun “heykəl məhbusu” Bayram Məmmədovu tutan polis nəfəri olduğunu müəyyən edib. Şahidlər Orxan Baxışlı ilə bağlı əməliyyat məlumatında onun şəxsiyyəti ilə bağlı məlumatların olmadığını bildiriblər. Müdafiə tərəfi isə iş materiallarında O. Baxışlının şəxsiyəti ilə bağlı məlumatların olduğunu və beləliklə də qərar olmadan əməliyyatın keçirildiyini məhkəmənin diqqətinə çatdırıblar.
Daha sonra hal şahidləri - Mahir İsgəndərov, Nicat Nərimanov ifadə veriblər. Bu zaman müdafiə tərəfi məhkəməyə Nicat Nərimanovun narkotiklə məhkum olunaraq 31 oktyabr 2013- cü il tarixində Xətai məhkəməsinin hökmü ilə məhkum olunduğunu, 2015- ci ildə əfvlə azadlığa çıxdığını bildirib.
Hakim M. Ağalarov məhkəmənin 10 sentyabr, saat 15:00-da davam edəcəyini elan edib.
Xatırladaq ki, AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi.
AXCP üzvünün məhkəməsi şahid ifadələri ilə davam edib - Video
Oxşar xəbərlər