184 şəxs barəsində 115 korrupsiya cinayəti işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib

Bu ilin 6 ayında 184 şəxs barəsində 115 korrupsiya cinayəti işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısında görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, həmin cinayət işlərindən 79 şəxs barəsində 42 iş mənimsəmə və israf etmə, 50 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 9 şəxs barəsində 9 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 2 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.