Əhsən Nuruzadənin yenidən cəzalandırıldığı təsdiqləndi

“Müsəlman Birliyi” Hərəkatının koordinatoru, həbsdə olan dindar fəal Əhsən Nuruzadənin vəkili onunla görüşmək üçün mayın 29-da 6 saylı cəzaçəkmə müəssisəsinə getsə də, görüşə icazə verilməyib. Vəkilə deyilib ki, Ə.Nuruzadə cərimə təcridxanasına salınıb, bu üzdən görüş mümkün deyil. Bu barədə Meydan TV-yə Ə.Nuruzadənin anası Zeynəb Hüseynova məlumat verib.

Anasının sözlərinə görə, mayın 28-də Ə.Nuruzadənin digər məhbusların yanında qolları burularaq naməlum istiqamətə aparılması xəbərindən sonra vəkil durumu aydınlaşdırmaq üçün müəssisəyə gedib. Z.Hüseynova bildirir ki, son on gündə ikinci dəfədir heç bir əsas olmadan Əhsəni cərimə təcridxanasına salırlar, bir dəfə də dörd saat saxlayıb buraxıblar: “Fikirləşmirlər ki, oruc adamdır, onu ac-susuz vəziyyətdə “karsa” salıb saxlamaq günahdır. Nə insana qiymət verirlər, nə Allahdan qorxurlar. Mayın 18-də “karsa” salıb, beş gün saxladılar. Buraxandan sonra 26-da da yenə aparıblar, deyiblər ki, “məhkumları sayanda sən olmamısan”. O da deyib ki, yerimdə olmuşam, araşdırın. Sonra araşdırıb görüblər ki, düz deyir, dörd saatdan sonra buraxıblar. Ondan sonra Əhsənlə görüşəndə dedi ki, “ana, mənim heç bir günahım yoxdur”. Mayın 28-də – bütün ölkə Respublika Gününü qeyd etdiyi bir vaxtda gəlib yenə balamı hamının gözünün qabağında oturduğu yerdə götürüb aparıblar. Belə şey olar? Əhsən təmkinlidir, hər şeyə görə özündən çıxan deyil. Mənim balama zindanda da zindan yaşadırlar. Şərləyib həbs eləməkləri bəs deyil, orada da zülm eləyirlər. Telefonlara yaxınlaşmağa qorxuram ki, bəd xəbər alacam”.

Z.Hüseynova bildirir ki, 6 saylı cəzaçəkmə müəssisəsində başqa ictimai-siyasi fəallar da var. Onlardan AXCP Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənovun adını çəkir. Deyir ki, B.Həsənov təxminən on beş gün öncə müəssisəyə gətiriləndə ona qarşı təzyiqlərə etiraz etdiyinə görə də Əhsəni cəzalandırmışdılar.

“Əhsəni axırıncı dəfə narkotiklə şərləməmişdən əvvəl də iki dəfə tutub, hərəsində on sutka vermişdilər. Onda xəbərdarlıq eləmişdilər ki, mitinqlərə getmə, Əli Kərimli ilə görüşmə, onlara qoşulma, yoxsa sənin üçün pis olacaq. Axırıncı dəfə də Hacı Zülfüqarın (Nardaran hadisələrinə görə həbs olunub, bu ilin martında əfv sərəncamıyla azadlığa buraxılan ilahiyyatçı Zülfüqar Mikayılzadə) məhkəməsinə gedəndə tutub apardılar. Məhkəməyə gedən adam cibinə narkotik qoyar? Məni yandıran odur ki, həbsxanada da rahat yaşamasına imkan vermirlər. Hər dəfə onun yanına gedib qayıdanda elə bil ürəyimi o müəssisədə qoyub çıxıram,” – deyə Z.Hüseynova bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Ə.Nuruzadə cəzaçəkmə müəssisəsində daxili intizam qaydalarını pozduğuna görə cərimə təcridxanasına salınıb. Lakin cəzanın müddəti barədə məlumat verilməyib.

Vəkillə görüşünə əngəl yaradılması haqda deyilənlərə gəlincə, bildirilib ki, müdafiəçisi onunla istənilən vaxt görüşə bilər, buna məhdudiyyət yoxdur.

Ə.Nuruzadə 2017-ci il oktyabrın 6-da həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilib.

Ə.Nuruzadə özünü təqsirli bilmir, ittihamın yalan olduğunu deyir.

 

MEYDAN TV