İran ordusu İordaniya və Küveytdəki ABŞ bazalarını PUA-larla vurduğunu açıqladı

İran ordusu şənbə günü yaydığı açıqlamada “Səiqə” əməliyyatının 14-cü mərhələsi çərçivəsində İordaniya və Küveytdə yerləşən ABŞ-a məxsus hərbi baza və strateji obyektlərə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.

Ordunun İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, Küveytdə yerləşən Əl-Ədiri düşərgəsindəki sursat anbarı, Əli əl-Salim aviabazasındakı qərargah binaları, sursat anbarları və bir neçə rabitə körpüsü kamikadze pilotsuz uçuş aparatları ilə vurulub.

İran ordusu bildirib ki, əməliyyatlar çərçivəsində İordaniyadakı Əl-Əzraq aviabazasında yerləşən ABŞ ordusuna məxsus yanacaq çənləri də pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

Açıqlamada qeyd olunub ki, Əl-Əzraq bazası ABŞ üçün regiondakı əsas hərbi obyektlərdən biridir və Qərbi Asiyada həyata keçirilən hərbi əməliyyatlarda mühüm rol oynayır.

İran ordusu vurğulayıb ki, bu əməliyyatlar ABŞ ordusunun komanda-idarəetmə mərkəzlərinə, hərbi hazırlıq infrastrukturuna və müdafiə sistemlərinə qarşı həyata keçirilən cavab tədbirlərinin tərkib hissəsidir.

Bəyanatda bildirilib ki, İran Silahlı Qüvvələri ölkənin təhlükəsizliyini qorumaq əzmindədir və İran xalqının iradəsini sınağa çəkmək istəyən hər bir qüvvə qəti müqavimətlə üzləşəcək.

Məlumata görə, İran ərazisindən ballistik raketlərin buraxılması qeydə alındıqdan sonra İordaniyada, həmçinin Səudiyyə Ərəbistanının Əl-Xərc və Yənbu şəhərlərində hava həyəcanı siqnalları səsləndirilib.

Bununla yanaşı, ABŞ rəsmilərinə istinadən yayılan məlumata görə, İranın bu həftə İordaniyadakı ABŞ bazalarına endirdiyi zərbələr nəticəsində bir neçə amerikalı hərbçi yaralanıb.

İran ordusu daha əvvəl “Səiqə” əməliyyatının 13-cü mərhələsi çərçivəsində Şimali Hind okeanında “düşmənə məxsus” hərbi gəmini qanadlı raketlə vurduğunu da açıqlayıb.

Ordunun bəyanatına əsasən, raket zərbəsi nəticəsində hədəf alınan gəmi geri çəkilməyə məcbur olub.