Məhkəmə Yalçın İmanovun şikayətinə baxacaq

Hüquqşünas Yalçın İmanov Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərardadından şikayət verib. Novator.az-ın məlumatına görə, şikayətə aprelin 2-dən Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.
 
Yalçın İmanov inzibati-iqtisadi instansiyaya Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi istəyi ilə üz tutmuşdu. Rəyasət Heyətinin həmin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
 
Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
 
Ötən il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. Yalçın İmanovun 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiası icraata götürülməyib.
 
Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib. Məhkəmələr onun Rəyasət Heyətinə qarşılıqlı iddiasını icraata götürməməyi iddianın müstəqil tələb olması ilə əsaslandırıb. Bunu nəzərə alan hüquqşünas müstəqil tələblə inzibati-iqtisadi instansiyaya şikayət edib, Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib.
 
Yalçın İmanov bu il yanvarın 22-si Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində keçirilən hazırlıq iclasında vəsatət qaldıraraq Rəyasət Heyətinin 20 noyabr 2017-ci il iclasının protokolunun və qərarının indiyə qədər ona təqdim olunmadığını bildirib. Hakim iclasın protokolunun və qərarın surətlərinin təqdim olunması istəyini təmin edib, Vəkillər Kollegiyası təmsilçisinin boynuna həmin sənədləri təqdim etmək öhdəliyi qoyulub.
 
Ancaq 13 fevral prosesində iclasın protokolu yarımçıq şəkildə təqdim olunub, 20 noyabr 2017-ci il iclasının qərarının surəti isə yenə ortaya çıxarılmayıb. Vəkillər Kollegiyasının nümayəndəsi vəsatət qaldıraraq bildirib ki, qərarın qəbulundan sonra, 2018-ci il yanvarın 4-də protokoldan çıxarış Yalçın İmanova təqdim olunub, ancaq o, məhkəməyə müraciət üçün qanunla müəyyən edilən bir aylıq müddəti ötürüb və iddiaya baxılması mümkün sayıla bilməz. Hakim bu vəsatəti təmin edib, iddiaya baxışı dayandırıb. Sumqayıt Apellyasiya Məhkəməsinə üz tutan Yalçın İmanov bu qərardadın ləğvini istəyir.
 
Gəncə İnzibati-İqtisadi Məhkəməsində ötən ilin fevralında dayanmış proses fevralın 14-dən bərpa olunub. Yalçın İmanov həmin prosesdə vəsatətlər qaldırıb. Hüquqşünas Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının indiyə qədər ona təqdim olunmadığını bildirib və qərarın surətinin Vəkillər Kollegiyasından tələb edilməsini istəyib.
 
Başqa bir vəsatətində Yalçın İmanov qeyd edib ki, Rəyasət Heyəti onunla bağlı qərar qəbul etməzdən qabaq Vəkillərin İntizam Komissiyasının verdiyi rəyi dəyişdirib. Onun sözlərinə görə, İntizam Komissiyası rəyi 2017-ci il sentyabrın 9-da verib. Rəydə bildirilib ki, vəkilin intizam pozuntusuna yol verdiyi müəyyən edilməyib. Lakin həmin rəy sonradan dəyişdirilib və məhkəməyə vəkilin intizam pozuntusuna yol verdiyi barədə rəy təqdim edilib. Yalçın İmanov komissiyanın 9 sentyabr 2017-ci il rəyinin dəyişdirilməmiş variantının Vəkillər Kollegiyasından tələb olunmasını və məsələnin məhkəmə qaydasında araşdırılmasını istəyib, eyni zamanda rəyi dəyişdirənlər barədə xüsusi qərardad çıxarılmasını xahiş edib.
 
Hüquqşünas onun intizam işinə baxılarkən İntizam Komissiyasının üzvü olmuş şəxslərin məhkəməyə çağırılaraq şahid qismində dindirilməsini də istəyib.
 
Vəsatətlərin heç biri təmin edilməyib.
 
Fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi Yalçın İmanovun işi üzrə yekun qərar çıxarıb, onun vəkillik fəaliyyətinə xitam verib.
 
2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olmuş Yalçın İmanov bu qərarın ləğvi üçün apellyasiya instansiyasına üz tutacaq.