Fransa məhkəməsi ermənilərə zərbə vurdu - Merə qarşı rəsmi ittiham

Fransanın Val-d'Oise departamentinin Cergy-Pontoise inzibati məhkəməsi Arnovil meri və Qarabağ separatçıları arasında bağlanan “dostluq xartiyası”nın ləğvi ilə bağlı qərar çıxarıb. 

Actu.fr portalının məlumatına görə, bu qərarla Arnovil merinə qarşı Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun üzvüdür. 

“Dostluq xartiyası” 2018-ci ilin oktyabrında Arnovil meri Paskal Doll və Azərbaycanın işğal altındakı Xocavənd rayonu Şeher yaşayış məntəqəsindəki separatçıların rəhbəri Mxitar Manqasaryan arasında bağlanmışdı. 

Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Bakıdakı səfirliyinə rəsmi şəkildə etiraz bildirmiş və səfir XİN-ə çağırılmışdı.