Tale Bağırzadənin övladlarına qarşı açılan cinayət işi məhkəməyə göndərilir

Tale Bağırzadənin övladları MəhəmmədHəsən və MəhəmmədHüseyn Bağırzadələr barəsində aparılan ibtidai istintaq yekunlaşıb və cinayət işi məhkəməyə göndərilir.

MəhəmmədHəsənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Digər qardaş MəhəmmədHüseynə isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi açılıb.

İyulun 17-də müstəntiqlə görüşən ailəyə bildirilib ki, ibtidai istintaq başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilir. Bundan sonra cinayət işinə məhkəmə tərəfindən baxılacaq. Ailələrin barışıq əldə etməsi istiqamətində göstərilən təşəbbüs qarşı tərəf tərəfindən qəbul edilmədiyindən, məsələnin hüquqi müstəvidə həlli zəruri olub.

Xatırladaq ki, hadisə aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında baş verib. Yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi mübahisəyə səbəb olub. MəhəmmədHüseynin onları bundan çəkindirməsi gərginliyi daha da artırıb. Qarşı tərəfin təhqiramiz ifadələri MəhəmmədHüseynə yönəltməsindən sonra mübahisə əlbəyaxa davaya çevrilib.

Mübahisə zamanı qardaşının iki şagird tərəfindən zorakılığa məruz qaldığını görən böyük qardaş MəhəmmədHəsən davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnu sınıb.