İctimaiyyət nümayəndələri Əbülfəz Bünyadovun həbsinə etiraz edir

Xəbər verdiyimiz kimi İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib.

Prosesdə məhkəmə hökmü elan edib. Belə ki, məhkəmə Ə.Bünyadovun 15 il, Elxan İsgəndərovun 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Əbülfəz Bünyadov iflic vəziyyətində olmasına baxmayaraq məhkəmə onun barəsində 3 il Qobustanda olmaqla 15 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Qərar ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Qurbanlı Operativ.tv-yə bu barədə fikirlərini ifadə edib: “Əbülfəz Bünyadovun səhhətində ağır problemlərin olduğu, bədənin 80 faizinin işləmədiyi haqda oxumuşam. Çox amansız münasibətdir. Məhkəməyə xərəkdə gətirilən insan dövlət üçün təhlükəli ola bilməz. İflic durumda olan insanı həbsxana şəraitində saxlamaq, xüsusən Qobustana göndərmək humanizmdən çox-çox uzaqdır. Əqidəsindən, dini baxışlarından asılı olmayaraq göz görə-görə həyatları məhv edilən bu şəxslər müdafiə olunmalıdır”.

“D-18” Hərəkatının başqan müavini Samirə Ağayeva da məhkəmə hökmünə etiraz edib.

O, bu barədə belə danışıb: “İflic vəziyyətdə olan Əbülfəz Bünyadovun həbs qətimkan tədbiri ev dustaqlığına haqlı olaraq dəyişilmişdi. Öncə o, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılırdı. Lakin onu orada saxlamaq mümkün olmadıqda Bünyadov haqqında qətimkan tədbiri dəyişdi. Məhkəmə hökmü ilə qətimkan tədbiri yenidən həbsə dəyişdirilib və Əbülfəz Bünyadov, Qobustan qapalı həbsxanasina göndərilib. Əbülfəz Bünyadov cəzanın 3 illiyini orada keçirəcək. Onun həbsi ağlasığmaz məsələdir və insan haqlarına, o cümlədən humanistliyə zidd bir hərəkətdir. Qətimkan tədbiri seçiləndə məhkumun vəziyyəti və səhhəti nəzərə alınmalıdır. Bu işdə məhkəmə onu nəzərə almayıb. İkinci məsələ ondan ibarətdir ki, qətimkan tədbiri daha sərt növü ilə dəyişdiriləndə hansısa səbəb olmalıdır. Məlumdur ki, Bünyadov ev dustaqlığında olan müddət ərzində heç bir qanuna zidd hərəkətə yol verməyib. Onu hətta belə ağır vəziyyətdə məhkəməyə gətirirdilər. Üçüncü məsələ ondan ibarətdir ki, Səhiyyə Nazirliyində xəstəliklərin siyahısı mövcuddur. Həmin siyahıda məhbusların azadlıqdan məhrum olunma cəzasını istisna edən xəstəliklər göstərilib. Onun əziyyət çəkdiyi xəstəlik də bu siyahıdadir. Bundan əlavə, Avropa Penitensiar Qaydaları da mövcuddur. Orada göstərilir ki, məhbuslar normal şəraitdə saxlanmalıdır. Onlar azadlıqdan məhrum olunurlarsa, digər hüquqlardan məhrum olunmurlar. Xəstəliklərdən əziyyət çəkən məhbuslara qarşı diqqət ikiqat olmalıdır. Məlum məsələdir ki, qapalı həbsxanada Bünyadovun müayinəsi və müalicəsi mümkün olmayacaq. Üstəlik də onun vəziyyəti daha da kəskinləşəcək. Bu da insan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 3-cü maddəsinə ziddir. Çünki bu maddədə qeyd edilir ki, heç kəs pis rəftara, qeyri-insani davranışa və işgəncələrə məruz qala bilməz. Qeyd edək ki, bu maddədə digər maddələrdəki kimi heç bir istisnalar nəzərdə tutulmur. Hətta terrorçuluqla və mafiyaya qarşı mübarizələrdə işgəncələrin tətbiqi qəti qadağandır. Bu məsələdə cinayət qanunvericiliyinin prinsiplərindən biri humanistlik prinsipi 
kobudcasına pozulub. Gördüyümüz kimi, iflic vəziyyətdə olan Bünyadovu qapalı həbsxanaya göndərməklə məhkəmə həm milli, həm beynəlxalq hüquq normalarını pozub”.

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Əbülfəz Bünyadovun həbsini Azərbaycanın imicinə ciddi zərbə adlandırıb: “Əbülfəz Bünyadovun iflic vəziyyətdə həbs edilməsi Azərbaycanın imicinə ciddi zərbə oldu. Bu həm də təqdim edilən tolerantlıq prinsiplərinə çox ağır zərbədir. Baş verənlər mövcud idarəçilik sisteminə tam inamsızlıq doğurur. Əbülfəz Bünyadovun həbsi biabırçılqıdır və sözün bitdiyi yerdir”.