Yəhudi məskunlaşanlar Avropalı diplomatlara hücum etdilər

Mövcud vəziyyəti qiymətləndirmək məqsədilə Ramallah yaxınlığındakı Taybeh kəndində Belçika, Fransa və Polşadan olan diplomatlar, eləcə də Katolik Kilsəsinin nümayəndələri Fələstində qanunsuz məskunlaşan yəhudilərin hücumuna məruz qalıblar.

Hadisə yerindən çəkilmiş video görüntülərdən maskalı şəxslərin diplomatik konvoya hücum etdiyi görünür. Hücum edənlərin diplomatlara daş atdığı bildirilir.

Belçika rəsmilərinin verdiyi məlumata görə, ölkə konsulluğuna məxsus avtomobilin şüşəsi sındırılıb, Fransa şəhərlərindən birinin meri isə fiziki hücuma məruz qalıb.

Belçikanın xarici işlər naziri Maksim Prevo hücumu pisləyib və İsrailin məsul şəxsləri cəzalandırmaq öhdəliyi olduğunu bildirib.

Prevo qeyd edib: “Fələstinlilər hər gün bu zorakılıqla üz-üzə qalırlar. Məskunlaşanlar bu hadisələri işıqlandıran jurnalistlərə və diplomatlara hücum edirlər. Zeytun yığımı ilə məşğul olmaq, xəbər hazırlamaq və ya diplomatik vəzifələri yerinə yetirmək heç kimi təhlükəyə atmamalıdır”.

İsrail Müdafiə Qüvvələri hadisəni pisləyərək bunu “ciddi zorakılıq aktı” kimi qiymətləndirib və təhqiqata başlanıldığını elan edib.

Bəzi iddialara görə, bu maskalı məskunlaşanlar İsrailin rəsmi qurumları tərəfindən idarə olunan radikal ünsürlərdir.