İnanclı xanımların növbəti məhkəmə iclası keçirilib

Oktyabrın 14-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində altı inanclı xanımın işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda şahidlərin iştirak edəcəyi gözlənilsə də, onların heç biri məhkəməyə gəlməyib. Bu səbəbdən məhkəmə iclası bir neçə dəqiqə ərzində yekunlaşıb.

Məhkəmə zalına daxil olan inanclı xanımlar “Hicaba azadlıq!” şüarı səsləndiriblər. Qısa müddət ərzində onlar bir daha ölkənin orta məktəblərində hicablı qızların dərslərdə iştirakına yaradılan maneələrə diqqət çəkiblər.

Bununla da məhkəmə iclası başa çatıb. Növbəti məhkəmə prosesi noyabrın 4-də saat 14:30-a təyin edilib.

Xatırladaq ki, Nigar Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova avqustun 15-də Bakı şəhərinin Binə qəsəbəsində İmam Hüseynin (ə) Ərbəin mərasimi münasibətilə ehsan payladıqları üçün saxlanılıblar.

Onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb.

İnanclı xanımlar irəli sürülən ittihamları qəbul etmir və məhkəmədən barələrində bəraət hökmü çıxarılmasını tələb edirlər.