Türkiyə də Rusiyadan dizel yanacağı almağa hazırlaşır

Türkiyə ABŞ və Rusiya arasında əldə olunmuş razılaşma çərçivəsində Rusiyanın tədarük edəcəyi dizel yanacağının bir hissəsini almağı planlaşdırır. Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

Nazirin sözlərinə görə, Rusiya son bir neçə ay ərzində dizel yanacağının ixracına məhdudiyyətlər tətbiq edib. Lakin Moskva və Vaşinqton arasında tədarük məsələsi üzrə razılıq əldə olunmasından sonra vəziyyət dəyişib. Razılaşmaya əsasən, Rusiyanın ixrac edəcəyi yanacağın müəyyən hissəsinin Türkiyəyə, digər hissəsinin isə ABŞ-yə göndərilməsi nəzərdə tutulur.

Bayraktar qeyd edib ki, aparılan danışıqlar zamanı Türkiyənin də bu tədarükdən pay alması ilə bağlı razılıq əldə olunub. Bununla belə, o, razılaşmanın digər təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, oktyabrın 9-da Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Söhbət zamanı neft məhsullarının tədarükü məsələsi də müzakirə edilib. Putinin açıqlamasına görə, Moskva ABŞ-yə və dünya bazarlarına neft və neft məhsulları göndərməyə hazır olduğunu bir daha təsdiqləyib.

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak isə ölkəsinin dizel yanacağının ixracına tətbiq edilən məhdudiyyətləri əvvəlcədən nəzərdə tutulduğundan daha tez, mərhələli şəkildə aradan qaldırmağa başladığını bildirib.

Novakın sözlərinə görə, Rusiya oktyabrda 300 min ton, noyabrda 500 min ton, dekabrda isə 1 milyon ton dizel yanacağı tədarük edə bilər. O, gələcəkdə aylıq ixrac həcminin 3 milyon tona qədər artırılmasının da mümkün olduğunu vurğulayıb.