Başda türk qardaşlarımız olmaqla, hər birinizə minnətdarıq!

Azərbaycan xalqının inanclı böyük əksəriyyətinin son günlər mənəvi təzyiq altında olması artıq heç kəsə sirr deyil. Təhsil ocaqlarında başıörtülü qız uşaqlarının tədris müəssisələrinə buraxılmaması minlərlə şagirdin təhsildən kənarlaşdırılması ilə nəticələnib. Azərbaycanlı hicablı qızlar iki seçim qarşısında - ya hicab, ya da təhsil - mənəvi və psixoloji təzyiq yaşamağa davam edirlər. Artıq beynəlxalq müstəviyə yüksələn, gözləri yaşlı şagirdlərin yaşadıqları bütün vicdanlı insanların haqlı narahatlığına səbəb olub.
Məsələ ilə bağlı ölkədaxili media orqanları ilə yanaşı, dünyanın bir çox nüfuzlu xəbər agentlikləri də məlum hadisəni işıqlandırıb və tənqid hədəfinə çevirib. Eyni zamanda, bu hadisə dost və qardaş dövlətlərin də xalqa dəstək nümayiş etdirməsinə səbəb olub. Xüsusilə qardaş Türkiyə dövlətinin rəsmi dairələrinin və hakimiyyət nümayəndələrinin hicablı qız uşaqlarının təhsildən məcburi uzaqlaşdırılmasını pisləyən bəyanatları bir xalq olaraq bizi sevindirir.
Bununla yanaşı, qardaş İran xalqının, dəyərli Gürcüstan ruhani və inanclı qardaş-bacılarımızın dəstəyi, Rusiya və Avropa ölkələrindən gələn geniş birlik mesajları və atılan addımlar Azərbaycan xalqının haqlı mübarizəsinə dəstək olmaqla yanaşı, İlahi əmrə verilən sonsuz dəyərin də göstəricisidir.
Biz xalqımızın bu çətin mənəvi seçim qarşısında qoyulduğu günlərdə yanımızda olduğunuz üçün hər birinizə sonsuz minnətdarlığımızı bildiririk.
Allahdan diləyirik ki, tezliklə bu çətinlik öz ədalətli və haqlı həllini tapsın.