Gürcüstan ruhanilərinin Azərbaycanda təhsil ocaqlarında hicaba qadağaya etirazı davam edir

Hacı Mirismail Əsədov dövlət məktəblərində hicabın qadağan edilməsinə etiraz olaraq bəyanat yayıb.

Bəyanatda deyilir:

Bismillahir-Rəhmanir-Rəhim

«يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاءَ لِلَّهِ»

“Ey iman gətirənlər! Ədaləti qoruyan və Allah üçün şahidlik edən kəslər olun!”

(Nisa surəsi, 135-ci ayə)

İslam dünyagörüşündə hicab yalnız zahiri geyim deyil, dini etiqadın, iffətin və mənəvi dəyərlərə bağlılığın ifadəsidir. Qurani-Kərimdə hicabla bağlı hökmlər müsəlman qadınların dini vəzifələrini müəyyən edir. Buna görə də bir çox müsəlman şagird üçün hicab şəxsi seçimdən əlavə, dini məsuliyyətin və mənəvi kimliyin bir hissəsidir.

Biz ağıl və məntiqə, Qurani-Kərimin təlimlərinə, Peyğəmbəri-Əkrəmin (s) sünnəsinə və Əhli-beytin (ə) göstərişlərinə əsaslanaraq, Azərbaycan Respublikasının dövlət məktəblərində hicabın əsassız və ayrı-seçkilik xarakterli şəkildə qadağan edilməsinə qarşı olduğumuzu bildiririk. Vicdan azadlığına, dini etiqada, insan ləyaqətinə və bərabər təhsil hüququna hörmət edilməsini vacib hesab edirik.

1. Hicab İslam dininin bir hissəsidir

Qurani-Kərim buyurur:

«وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ»

“Mömin qadınlar baş örtüklərini yaxalarının üzərinə salsınlar”.

(Nur surəsi, 31-ci ayə)

Həmçinin buyurur:

«يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَابِيبِهِنَّ»

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini üzərlərinə salsınlar”.

(Əhzab surəsi, 59-cu ayə)

İslam fiqhinə əsasən, həddi-büluğa çatmış müsəlman qadının naməhrəm qarşısında şəri hicaba riayət etməsi vacibdir. Buna görə də şagirdin təhsil almaq üçün dini vəzifəsindən imtina etməyə məcbur edilməsi, ciddi mənəvi sarsıntılar yaradır.

Təhsil müəssisəsinin əsas vəzifəsi şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək, onların təhsil hüququnu təmin etmək və cəmiyyətə faydalı insanlar yetişdirməkdir. Məktəb şagirdləri dini inanclarına sadiq qalmaqla təhsil almaq arasında seçim etməyə məcbur edən bir mühitə çevrilməməlidir.

Vicdan və dini etiqad azadlığı, insan ləyaqətinə hörmət və təhsil hüququ fundamental prinsiplərdir. Bu hüquqlara qoyulan məhdudiyyətlər həmin prinsipləri hədəfə alan addımlardır.

Məktəb şagirdin təhsil hüququndan yararlanmaq üçün dini kimliyindən imtina etməyə məcbur edildiyi bir yer deyil; istedadların inkişaf   etdiyi, bilik və bacarıqların formalaşdığı bir məkan olmalıdır.

Onun üçün də heç bir şagird hicabına görə təhsildən məhrum edilməməli, təhqirə, təhdidə və əsassız ayrı-seçkiliyə məruz qalmamalıdır.

Təhsil hüququ dini geyimdən imtina etməklə şərtlənməməlidir.

Geyimlə bağlı qaydalar aydın hüquqi əsasa söykənməli, ədalətli və mütənasib olmalıdır.

Şagirdlər və onların ailələri hüquqlarını məhdudlaşdıran qərarlardan şikayət etmək və ədalətin bərqərar olmasını tələb etmək imkanına malik olmalıdırlar.

Məsul qurumlar dini azadlıqla təhsil hüququ arasında qarşıdurma yaratmaq əvəzinə, məktəblərin qanuni tələblərini qoruyan və şagirdlərin fundamental hüquqlarına hörmət edən ədalətli həll yolları seçməlidirlər.

Biz yuxarıda sadalanan məsələləri əsas tutaraq Azərbaycan Respublikasının dövlət məktəblərində hicabın əsassız və ayrı-seçkilik xarakterli şəkildə qadağan edilməsini pisləyir, belə məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirik. Bütün şagirdlərin dini inanclarına hörmət göstərilməsini və bərabər təhsil imkanlarından yararlanmalarını zəruri hesab edirik.

Heç bir qız uşağı təhsil almaqla öz dini inancına sadiq qalmaq arasında seçim etməyə məcbur edilməməlidir.

Unutmamalıyıq ki, mütərəqqi bir cəmiyyət fərdi hüquqlarla ictimai məsuliyyət, dini fərqliliklərlə insani birlik arasında tarazlıq yaratmağı bacaran bir cəmiyyətdir. Dini inancların məcburiyyət yolu ilə aradan qaldırılması deyil, qarşılıqlı hörmət, maarifləndirmə və ədalət sağlam cəmiyyətin formalaşmasının əsas təməl prinsiplərindəndir.

Hicab hüququna hörmət — dini azadlığa, insan ləyaqətinə və ədalətə hörmətdir!

Vəssəlamu əla mən ittəbəəl-huda. "

Nəzərinizə çatdıraq ki, 2026-cı il sentyabrın 21-də qəbul edilmiş qərardan sonra Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində hicabla bağlı məhdudiyyətlər tətbiq olunur. Məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmadığı hallar qeydə alınır, şagirdlər məktəbin girişində geri qaytarılır. Məsələ cəmiyyətdə etirazlara səbəb olub.