“Müsəlmanlar Gürcüstanın digər vətəndaşları ilə eyni hüquqlara malikdirlər”

Tolerantlıq və Müxtəliflik İnstitutunun təsisçisi Mako Qavtadze (Mako Gavtadze) Azərbaycanda hicabla bağlı müzakirələr və Gürcüstanda müsəlmanlara münasibət barədə açıqlama yayıb.

O bildirib ki, övladların dini tərbiyəsində valideynlərin rolu ilə bağlı müzakirələr yeni deyil və bu məsələ bütün dinlərə eyni dərəcədə aiddir. Onun sözlərinə görə, beynəlxalq insan hüquqları hüququ valideynlərin övladlarını öz dini inanclarına uyğun tərbiyə etmək hüququnu tanıyır. Eyni zamanda, uşaqların da din azadlığı hüququ var.

Mako Qavtadze vurğulayıb ki, dövlətin müdaxiləsi bütöv bir qrup haqqında ümumiləşdirmələrə və fərziyyələrə deyil, konkret uşağın real zərər təhlükəsi ilə üzləşməsinə əsaslanmalıdır.

O, hicabın məcburi şəkildə taxılması ilə qadının onu öz seçimi və dini inancı əsasında taxması arasında fərq qoyulmasının vacibliyini də qeyd edib. Bildirib ki, din azadlığı həm hicab taxmaq, həm də onu taxmamaq hüququnu qoruyur.

Qavtadzenin fikrincə, hazırkı müzakirələr artıq Gürcüstan müsəlmanlarına və etnik azərbaycanlılara qarşı hücumlara çevrilib. O, hicablı qızların və qadınların, eləcə də ümumilikdə müsəlmanların foto və video materiallarının manipulyativ şəkildə yayıldığını, müsəlmanların və etnik azərbaycanlıların kollektiv şəkildə agentlikdə ittiham olunduğunu bildirib.

Açıqlamasının sonunda Mako Qavtadze vurğulayıb ki, Gürcüstan müsəlmanları və etnik azərbaycanlılar ölkənin vətəndaşlarıdır və digər vətəndaşlarla eyni hüquqlara malikdirlər.