Mehman Hüseynovun vəkili: "Dünən görüşdüm, məktub görmədim"

"Mehman Hüseynovla dünən görüşmüşəm, onun məktub yazmasını görməmişəm".
 
Bunu Toplum.Tv-yə vəkili Şəhla Hümbətova Mehman Hüseynovun mediada yayılmış müraciətinə münasibət bildirərkən deyib.
 
Vəkil deyib ki, belə bir məktubun yazılmasından xəbərsizdir: "O mənə deyib ki, süd və kefir içir, qatıq, süd məhsulları qəbul edir. Mənə yemək yemədiyini deyib. Məktub barədə indi eşidirəm. Məktubu görməmişəm, mənim yanımda yazmayıb, xəbərim yoxdur. Bəlkə, məndən sonra yazıb, bəlkə, heç yazmayıb. Görməmişəm, məlumatım da yoxdur”. 
Mehman Hüseynovun atası Rafiq Hüseynov da məktubdan xəbərsiz olduğunu deyib: "Heç nədən xəbərim yoxdur. Onun yanında olmuşam, demişəm ki, qida qəbul eləsin, o yaşamalıdır. Amma o, aclıq aksiyanı davam etdirəcəyini deyib. Kim yazıb o məktubu? Mehmanın əl yazısını kim paylaşıb? Mehmanın yanına adam buraxırlar ki?". 
 
Həbsdə olan bloger Mehman Hüseynovun KİV nümayəndələrinə müraciəti yayılıb. 
 
Müraciətdə deyilir: "Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin də kimlərinsə əhvalını pozmasını istəməzdim.
 
Bu yaxınlarda yaxınlarımdan mənə daxil olan məlumata görə, gecə saatlarında sosial şəbəkə istifadəçilərindən bir nəfər mənim vəziyyətimin kritik hala düşdüyünü və Müalicə Müəssisəsinə təcili aparılmağımla bağlı həqiqətə uyğun olmayan status paylaşmışdı. Bu məlumat mənim atamın və yaxınlarımın ciddi narahatlığına səbəb olmuşdur. Hesab edirəm ki, hər kəs həm etdiyi hərəkət, həm yazdığı yazının məsuliyyətini özü daşımalıdır. Lakin insanların hissiyyatı hər zaman nəzərə alınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, mən də nə doğma qardaşım Emin, nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram. Məni istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm. Əvvəlcədən sizə mənim müraciətimi yaydığınıza görə, öz minnətdarlığımı bildirirəm”.
 
Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.
Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.
 
Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
 
Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
 
Yeni cinayət işinə etiraz olaraq Mehman Hüseynov aclıq elan edib.