İyulun 30-da bir qrup jurnalist və hüquqşünas həbsdə olan bloger Mehman Hüseynovun komada olan anasının yanına buraxılması üçün Penitensiar xidmətdə olublar. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov jurnalistləri və hüquqşünasları qəbul edərək, rəhbərliyin adına rəsmi müraciət etmək lazım olduğunu bildirib. Qəbula gələnlər Penitensiar xidmətdən birbaşa olaraq mərkəzi poçta gediblər və Ədliyyə Nazirinə, eləcə də Penitensiar xidmətin rəisinə teleqram vurublar. Müraciətdə Mehman Hüseynovun anası ilə görüşməsinə şərait yaradılması xahiş edilib. Qeyd edək ki, Cəzaların İcrası Məcəlləsinin 89.1. maddəsinə əsasən məhkumlar yaxın qohumlarının vəfatı və ya ağır xəstəliyi ilə əlaqədar 7 gün müddətinə buraxıla bilər.
Xatırladaq ki, 9 yanvar 2017-ci il tarixində saat 19:30- radələrində jurnalist, bloger Mehman Hüseynov oğurlanaraq naməlum istiqamətə aparılmış və ondan heç bir xəbər alınmamışdı. Daha sonra jurnalistin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparıldığı və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilindiyi məlum olmuşdu. 10 yanvar 2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsi blogerin 200 manat cərimə cəzasına məhkum edərək onu azadlığa buraxmışdı. Həmin vaxt orada mediaya açıqlama verən jurnalist işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verərək Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. 3 mart 2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsi Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 15 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. 25 iyun 2018-ci ildə Ali Məhkəmə apellyasiya qərarından verilən kassasiya şikayətini təmin etməyib.
"Penitensiar xidmətin mətbuat xidmətindən dedilər ki, bu Mehman Hüseynovun imkanıdır, amma əslində bu onun hüququdur" - Video
Oxşar xəbərlər