Səbail Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsi üzrə şikayətə baxılıb.
Partiyanın məlumatına görə, dekabrın 10-da baş tutan prosesdə vəsatət təmin edilməyib.
AXCP sədrinin müavini Seymur Həzinin "Toplum TV"-yə verdiyi məlumata görə, Ə.Kərimli saxlanıldığından bəri istintaqa da ifadə verməyib və ittihamları absurd hesab edir.
Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Kərimli noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb.
Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. F.Əmirli, R.Əmirov və S.Rüstəmli sonradan sərbəst buraxılıb.
M.İbrahim barəsində də 2 ay yarım həbs qətimkan tədbiri seçilib.
Hazırda AXCP-nin 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir, bir çox partiya fəalı isə inzibati qaydada həbs edilir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 390-dan çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri təkzib edirlər.
Məhkəmə Əli Kərimlini həbsdə saxlayıb