Mehman Hüseynova dəstək məqsədi ilə aclığa başlayanlar var

Həbsxanada dekabrın 26-da etiraz olaraq aclığa başlayan bloger Mehman Hüseynovun aksiyası genişlənir.
 
TURAN İA-nin xəbərinə görə, Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu və Siyasi Məhbuslar Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov Mehman Hüseynova dəstək məqsədi ilə yanvarın 4-də aclıq aksiyasına başladığını bəyan edib.
 
"Mehman Hüseynova, o cümlədən bütün siyasi məhbuslara azadlıq tələbi ilə bu andan aclıq aksiyasına başlayıram. Yalnız su içəcəm. Aclığın ilk günlərini ayaq üstə keçirəcəm, sonrakı günlərini Müsavat Partiyasının qərargahında davam etdirəcəm.", Tofiq Yaqublu "Facebook" səhifəsində yazıb.
 
Elşən Həsənov yanvarın 4-də aclığa başladığını bildirib.
 
Mehman Hüseynova, o cümlədən bütün siyasi məhbuslarla azadlıq tələbi ilə bu andan Tofiq bəylə aclıq aksiyasina qoşuluram. Yalnız su içəcəm. Aclığın ilk günlərini ayaq üstə keçirəcəm, sonrakı günlərini Müsavat ( razılıq versə) Partiyasının qərargahında davam etdirəcəm", o "Facebook" səhifəsində yazıb.
 
Bununla yanaşı Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Tofiq Məmmədov da Mehman Hüseynova dəstək məqsədilə aclıq aksiyasına başlayıb. Partiya üzvü artıq ikinci gündür aclıq edir.
 
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.
 
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
 
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
 
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
 
Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.
 
Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.
 
Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib