RATİ Mehman Hüseynovu dərhal azad etməyə çağırıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hakimiyyətini bu hüquq müdafiə qurumunun idarə heyətinin sədri Mehman Hüseynovu dərhal həbsdən azad etməyə və ona ağır vəziyyətdə olan anası Firəngiz Hüseynovaya baş çəkmək və onun sağlamlığının qayğısına qalmaq imkanı yaratmağa çağırır.

"Yaşlı ananın birlikdə yaşadığı yeganə yaxın ailə üzvü olan və heç bir günahı olmayan oğlunun həbsi ilə bağlı keçirdiyi daimi stress onun səhhətinin kəskin pisləşməsi, iyulun 15-də isə kollapsla nəticələnib. Korrupsiya ilə bağlı yazan tanınmış jurnalist və hüquq müdafiəçisinin kliniki ölüm keçirən anası bu günə kimi reanimasiya şöbəsindədir", deyə RATİ-nin bəyanatında bildirilir.

Mehman Hüseynovun vəkillərinin və özünün Azərbaycan hakimiyyətinə 10 gündən çoxdur xəstəxanada olan və süni həyat aparatına qoşulan, huşsuz vəziyyətdə olan 71 yaşlı anasını görmək üçün imkan yaradılması ilə bağlı müraciətinə baxmayaraq, hakimiyyət bu günə qədər jurnalisti buraxmaqdan imtina edir.

2017-ci il martın 3-dən həbsxanada olan və 2 il həbs cəzasına məhkum edilən Mehman Hüseynovu hətta müvəqqəti azad etməkdən imtina edən Azərbaycan hakimiyyəti məqsədyönlü şəkildə opponentlərini və Azərbaycan cəmiyyətini qorxudur, nümayişkaranə şəkildə repressiya yolundan çəkinməyəcəyini göstərir, deyə RATİ-nin bəyanatında qeyd edilir.

RATİ həmçinin Avropa İttifaqı ölkələrinin, ABŞ və Kanada hökumətlərini insan hüquqlarının pozulmasına və korrupsiyaya görə Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

RATİ Azərbaycan hakimiyyətindən öz tənqidçilərinin və onların ailə üzvlərinin təqibinə son qoymağı, jurnalistlər Mehman Hüseynov, Əfqan Muxtarlı, Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Elçin İsmayıllı, Ziya Əsədli və Ərşad İbrahimov, blogerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, qrafiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu, habelə satirik şair Tofiq Həsənovu dərhal və qeyd-şərtsiz azad etməyi tələb edir.

Turan