'The Times of Israel' Bakının Qəzzada beynəlxalq missiyaya qoşulması üçün şərtlərindən yazır

Qəzzada sülhyaratma missiyasına qoşulmaq istəyən ölkələr narahatdır ki, əsgərləri atışma ortasında qalar. Bu zona tərksilah olunmayınca İsrail oradan çıxmayacaq, ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS isə tərksilah olmağa tələsmir. "The Times of Israel" qəzeti bu məsələdən yazır.

Beynəlxalq Sabitləşdirmə Qüvvəsinə (BSQ) qoşula biləcək ölkələrin bir tərəddüdü də var - daha dərin bir münaqişəyə sürüklənmək, yaxud bu müvəqqəti təşəbbüs Fələstin Administrasiyasının Qəzza zolağına qayıdışına aparmasa, İsrailin adından davranmış kimi görünmək. Qəzet qeyd edir ki, ərəb ölkələri bu təşəbbüsə qoşulmaqdan çəkinsələr də, İndoneziya və Azərbaycan müsbət cavab veriblər və ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts Təhlükəsizlik Şurasındakı çıxışında onların adlarını da çəkib.

 

İndoneziya səsini çıxarmır, Bakı əlavə müzakirə istəyir

İndoneziya BSQ-yə 20 min əsgər göndərməyə hazır olduğunu elan edib, amma bir ay öncə Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnamə qəbulundan bəri sükutunu qoruyub.

Azərbaycanın aparıcı rəsmisi isə deyib ki, bu qüvvələrdə iştirakla bağlı deyilənlər vaxtından qabaq söylənən fikirlərdir.

"Azərbaycan qoşulub-qoşulmamaqla bağlı qərar verməyib", – rəsmi ötən həftəsonu Doha Forumu çərçivəsində "The Times of Israel" və daha iki media qurumundan jurnalistlərə danışıb.

ABŞ hələ Azərbaycanda bu qüvvələrdən nə gözləməsi barədə substantiv söhbət aparmayıb. Müzakirə aparılsa, Vaşinqton görər ki, Bakının da digər ölkələrin BSQ-yə qoşulmasını önləyən oxşar şərtləri var, - rəsmi deyib.

 

Fələstin məsələsi

Bakı əmin olmaq istəyir ki, bu qüvvələr qısa zaman kəsiyində "iki dövlət" həllinə töhfə verəcək. Qəzet bu tələbin ərəb ölkələrindən gəlməsi ehtimalını qeyd edir. Rəsmi Bakı bir şərtini də dilə gətirib, "BSQ daha geniş Fələstin məsələsinə bağlanacaq", yoxsa yalnız Qəzzaya fokuslanacaq? İkinci halda Azərbaycan ona rahatlıqla qoşula bilməyəcək.

Rəsmi bildirib ki, Azərbaycan İslam Ölkələri Təşkilatının üzvü olaraq fələstinlilərin durumunu önə çəkir, onların məqsədlərini irəli aparmayan təşəbbüsə töhfə vermək istəmir.

"ABŞ ümid edir ki, bu qüvvələr müharibədən sonra Qəzzada sabitlik yaradacaq, tənqidçilər isə narahatdır ki, İsrail onlardan Qəzzada öz gündəmi üçün istifadə edər, bu isə Fələstin dövlətçiliyi ideyasına uyğun deyil", – məqalədə deyilir.

Jurnalistlərə danışan rəsmi Azərbaycanın münaqişə zonasına əsgər göndərməsinin daxili siyasi nəticələrinin ola biləcəyini də istisna etməyib.

"Azərbaycan cəmiyyəti nəhayət ki, müharibə bitəndən sonra nəfəs alıb. Təsəvvür edin, belə bir məqamda biz başqa bir əraziyə uzun müddətə qüvvə göndərəcəyimizi elan edirik", – o deyib.

Azərbaycandan Dohada foruma prezidentin köməkçisi Hikmət Hacıyev qatılıb.

 

Xatırlatma

Xarici işlər naziri Ceyhun Bayramov da bu həftənin əvvəlində deyib ki, Azərbaycan ABŞ prezidentinin Qəzzada təklif etdiyi sülh planını müsbət qarşılayır, amma, hələlik, oraya qüvvə göndərməklə bağlı qərar yoxdur, çünki Bakı onu maraqlandıran və narahat edən məsələlərlə bağlı suallarına cavab almayıb.

2023-cü ilin oktyabrında Fələstinin radikal HƏMAS qruplaşması İsrailə hücumundan sonra Qəzzada müharibə başlayıb. İsrailə hücumda min 200 nəfər öldürülüb. İsrailin bundan sonra Qəzzada başlatdığı əməliyyatlarda azı 67 min fələstinli qətlə yetirilib. Bu ilin oktyabrında ABŞ-nin vasitəçiliyi ilə əldə olunan Qəzza razılaşmasına əsasən, HƏMAS əsir götürdüyü israilli girovlardan sağ qalanları buraxıb, öldürülən girovların isə meyitlərini təhvil verməyə başlayıb.

Noyabrın 17-də BMT Təhlükəsizlik Şurası Qəzzada sülhün qurulmasına dair qətnaməni təsdiqləyib. Bu sənədin əsas müddəaları ABŞ prezidenti Donald Trampın bu regionda sülh planına əsaslanır. Sənəddə bir neçə ərəb ölkəsinin hərbçilərindən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (BSQ) yaradılması, ərazini müvəqqəti idarə olunması üçün Trampın rəhbərliyi ilə Sülh Şurasının qurulması nəzərdə tutulur. Qətnamədə eləcə də bir neçə ilkin şərt yerinə yetirilərsə, Fələstin dövlətinin yaradılması ehtimalından da söz açılır.

 

AzadlıqRadiosu