Ötən il "Avroviziya" mahnı müsabiqəsinin qalibi olmuş isveçrəli müğənni Nemo gələn il yarışda İsrailin iştirakına etiraz olaraq mükafatını qaytaracağını deyir.
Bu barədə o, sosial media hesabında xəbər verib.
Onun sözlərinə görə, İsrailin müsabiqədə iştirakı ilə müsabiqənin müdafiə etdiyini bildirdiyi "birlik, inklüzivlik və ləyaqət idealları arasında açıq bir ziddiyyət" var.
Nemo bunu İsrailin Qəzza zolağında "soyqırımı" törətməsi ilə izah edib.
"Avroviziya" Mahnı Müsabiqəsinin direktoru Martin Qrin bildirib ki, bu xəbərdən “kədərlənib”, lakin Nemonun mövqeyinə hörmət edir.
İsrailin gələn il "Avroviziya"da iştirakına qərar verilməsi Qəzzadakı müharibə fonunda qalmaqala səbəb olub.
Beş ölkə - İslandiya, İspaniya, İrlandiya, Sloveniya və Niderland İsrailin iştirakına görə gələn il keçiriləcək "Avroviziya" müsabiqəsini boykot edəcəklərini açıqlayıb.
"Avroviziya" mahnı müsabiqəsinin qalibi İsrailin iştirakına etiraz olaraq mükafatını qaytaracaq