Mehman Hüseynovun aclıq aksiyasına başladığı bildirilir

Həbsdə olan bloger Mehman Hüseynov ona yeni cinayət işi açılandan bir gün sonra – dekabrın 26-da evlərinə zəng edib.
 
Məlumatı blogerin mühacirətdə yaşayan qardaşı Emin Hüseynov yayıb.
 
Emin Hüseynov "Turan” agentliyinə deyib: "Dekabrın 26-sı Mehman evə zəng edib və saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsində 10 günlüyə "kars"a (cərimə kamerasına) salındığını, təzyiqə məruz qaldığını söyləyib. Söhbət bir dəqiqədən az çəkib”.
 
Emin Hüseynovun bildirdiyinə görə, telefon söhbətində Mehman Hüseynov cəzaçəkmə müəssisəsi əməkdaşını döyməsi haqda yayılan rəsmi məlumatın yalan olduğunu vurğulayıb.
 
Qardaşının sözlərinə görə, bu günədək M.Hüseynova ittiham irəli sürülməyib, çünki cinayət işi hələlik Penitensiar Xidmətin bəyan etdiyi fakt üzrə açılıb: "Mehman vəkilləri ilə görüş tələb edir. Amma vəkillərini onun yanına buraxmırlar. Mehman yeni cinayət işinə, ona qarşı təzyiqə və yanına vəkil buraxılmamasına etiraz olaraq istintaqa ifadə verməkdən imtina edib və müddətsiz aclıq aksiyasına başlayıb”.
 
Penitensiar Xidmət hələ ki, Emin Hüseynovun dediklərinə münasibət bildirməyib.
 
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.
 
Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.
Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.
 
Blogerin anası Firəngiz Hüseynova avqustun 6-da vəfat edib.