İslandiya İsrailə ertiraz olaraq Avroviziyadan çəkildi

İslandiya boykotu rəsmiləşdirdi

İslandiyanın ictimai yayım qurumu RÚV çərşənbə günü açıqlama yayaraq 2026-cı il Avropa Mahnı Müsabiqəsində iştirak etməyəcəyini bildirdi. Qurumun məlumatına görə, Avropa Yayım İttifaqının (EBU) ötən həftə “İsrail”in yarışa buraxılması haqda qərarı İslandiyada ciddi narazılıq yaradıb və nəticədə ölkə müsabiqədən çəkilmək qərarına gəlib.

RÚV rəhbərliyi bildirib ki, ictimai əhval-ruhiyyə də bu mövqeni dəstəkləyir və ölkədə aparılan müzakirələr cəmiyyətin böyük hissəsinin “İsrail”in Avroviziyada iştirakına qarşı olduğunu göstərib.

 

Boykot dalğası genişlənir

İslandiyanın addımı Avropada böyüyən boykot trendinin növbəti halqasıdır. Ötən həftə Niderlandın AVROTROS qurumu Amsterdamın “Avroviziya 2026”a qatılmayacağını rəsmən açıqlamışdı. Onlar da qərarını “İsrail”in iştirakı ilə əlaqələndirərək bunun hazırkı siyasi şəraitdə qəbuledilməz olduğunu vurğulamışdılar.

Bundan başqa, İrlandiya, İspaniya və Sloveniya da analoji bəyanatlarla çıxış edərək “İsrail”in yarışa buraxılması halında Avroviziyadan imtina edəcəklərini bildiriblər. Bu mövqelər Avropada müsabiqənin siyasi müstəvidə mübahisə predmetinə çevrildiyini göstərir.

Almaniya isə əks mövqedən çıxış edərək bəyan edib ki, əgər “İsrail” müsabiqədən kənarlaşdırılarsa, Berlin yarışdan geri çəkiləcək.

 

Qəzza fonunda artan təzyiqlər

“Avroviziya” ətrafında mübahisələr təkcə boykot bəyanatları ilə məhdudlaşmır. 2024 və 2025-ci illərin müsabiqələrində də “İsrail”in Qəzza zolağında apardığı hərbi əməliyyatlara etiraz edən qruplar aksiyalar təşkil etmiş, yarışların gedişinə mane olmağa çalışmışdılar.

Hazırda isə artan siyasi gərginlik və ölkələrin bir-birinin ardınca boykota qoşulması 2026-cı il Avroviziyasının daha əvvəlki illərdən fərqli şəkildə siyasi mübahisələrin mərkəzinə çevriləcəyini göstərir.