İyunun 25-də Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə jurnalist, blogger Mehman Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarından verilən kassasiya şikayətinə baxılıb. Məhkəmə prosesində Hüseynovun hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev, ittiham tərəfin vəkili Əlirza Həbilov, media və ictimaiyyət nümayəndələri də iştirak ediblər.M. Hüseynov məhkəmə zalında olmayıb.Məhkəmə bunu Hüseynovun özünün iştirakı olmadan məhkəmə prosesinin davam etdirilməsi xahişi ilə əsaslandırıb.
Vəkil F.Ağayev kassasiya şikayətinin dəlillərini məhkəməyə təqdim edib, ittiham tərəfin vəkili bunların əsassız olduğunu məhkəməyə bildirib. Qısa sürən müşavirədən sonra məhkəmə tərkibi kassasiya şikayətinin təmin olunmadığını elan edib.
Xatırladaq ki, 9 yanvar 2017-ci il tarixində saat 19:30- radələrində jurnalist, blogger Mehman Hüseynov oğurlanaraq naməlum istiqamətə aparılmış və ondan heç bir xəbər alınmamışdı. Daha sonra jurnalistin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparıldığı və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilindiyi məlum olmuşdu. 10 yanvar 2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsi bloggerin 200 manat cərimə cəzasına məhkum edərək onu azadlığa buraxmışdı. Həmin vaxt orada mediaya açıqlama verən jurnalist işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verərək Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. 3 mart 2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsi Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 15 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.
Mehman Hüseynovun kassasiya şikayəti təmin olunmadı
Oxşar xəbərlər