Səməd Seyidov: Mehman Hüseynov məsələsinin AŞPA-da müzakirəsindən narahatam

Yanvarın sonunda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında, eləcə də Avropa Parlamentində həbsinin bitməsinə az qalmış yeni ittihamlarla üzləşən bloqer Mehman Hüseynovun məsələsi müzakirə predmeti olacaq.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azadlıq Radiosuna müsahibəsində deyib ki, beynəlxalq təşkilatlarda, xüsusən Avropa Şurasında, Avropa Parlamentində müzakirə olunacaq bu məsələlərə görə narahatdır. Deputat hesab edib ki, burda Azərbaycana qarşı qüvvələr öz rolunu oynayır:

"Son hadisələr buna dəlalət edir ki, Azərbaycanla bağlı hər hansı məsələ gündəmdən çıxan kimi başqası gündəmə gətirilir. Xüsusilə İlqar Məmmədov azadlığa çıxandan sonra beynəlxalq qurumların gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yox idi. İndi yenə bu məsələlər beynəlxalq təşkilatlarda, xüsusən Avropa Şurasında, Avropa Parlamentində müzakirə olunacaq. Təbii ki, bu məsələlərlə bağlı ünsiyyətdə olmaq çox çətindir, bu yaxınlarda nümayəndə heyətimiz Strasburqa gedəndə bunların hamısı ilə rastlaşacağıq, fikirlər dinləyəcəyik. Bu, o qədər də asan deyil. Ancaq düşünürəm ki, normal və heç bir problem olmadığı vaxtda yaxşı nailiyyətlər də əldə etdik. Məsələn, Avropa Parlamentində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələləri qaldırdıq, Avropa Şurasında məruzəçilərlə danışıqların normal gedişinə nail olduq. Amma hamısı yenidən imtahana çəkilir. Birinci dəfə olmadığından bizdə belə bir fikir formalaşır ki, bu, təsadüf ola bilməz”.

Səməd Seyidov deyib ki, cavab verməyə sözləri var:

"Əlimizdə sənədlər, əsaslar aparırıq. Hüquq-mühafizə orqanlarının arayışları var, qeyri-dövlət təşkilatlarının, Azərbaycandakı diplomatik korpusun, ombudsmanın, həbsxanadakı insanların özlərinin fikrilərini aparırıq. Bütün sənədlər əlimizdədir. Bu baxımdan biz həqiqəti, reallığı Avropa deputatlarına, bununla maraqlananlara çatdıracağıq. Amma mən bilirəm ki, bizə, Azərbaycan nümayəndə heyətinə təzyiqlər, ittihamlar, suallar olacaq”.

"Mən faktlara əsaslanıram. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə şübhə etməyə əsasım yoxdur. Hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin, Penitensiar Xidmətin işi ilə bağlı sənədlər əlimizdədir, - deyən deputat daha sonra vurğulayıb:

"Biz bilirik ki, bu saat Mehman Hüseynov aclıq etmədiyi halda aclıq aksiyası ilə bağlı beynəlxalq təşkilatlardan suallar gəlir. Beynəlxalq təşkilat da bunu hansısa formada gündəmə gətirməyə cəhd edir, ancaq real vəziyyəti öyrənməyə cəhd edilmir. Söhbət şübhələnməkdən getmir. Bu saat elə dövrdə yaşayırıq ki, beynəlxalq təşkilatlarla işləmək o qədər də asan deyil. O ki qaldı sizin şübhələnmək haqda dediklərinizə, şübhə yox, faktlarla danışmaq lazımdır. Faktları rəsmi qurumlardan, ombudsmandan əldə edirik. Nəhayət, özümüz də baş verənləri təhlil edə bilirik”.

Səməd Seyidovun fikrincə, beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlıq etməyə başlayanda bu cür məsələlər ortaya çıxır:

"Məsələn, bir qədər əvvəl qərəzli korrupsiya məsələsi ortaya çıxdı və s. Məqsəd konstruktiv əməkdaşlıqdan, Avropaya inteqrasiyadan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində işləməkdən diqqəti yayındırmaqdır. Diqqət yenə insan haqları məsələsinə yönəldilir. Hətta düşünürəm Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çətin gözə görünən, amma müsbət dəyişikliklər də, ola bilsin, kimisə narahat edir. Bu gün (müsahibə yanvarın 15-də götürülüb – A.R.) Elmar Məmmədyarov həmsədrlərlə görüşür. Baxaq görək nə olur. Hər bir halda təcrübəm deməyə əsas verir ki, müsbət istiqamətdə gedən proseslər xoşagəlməz bir proseslə müşayiət olunur, diqqəti yayındırırlar, qanunların pozulmasından danışmaqla süni müzakirələr yaratmağa, beynəlxalq təşkilatlarda qətnamələr, bəyanatlar verilməsinə yönləndirirlər. Birinci dəfə deyil və təəccüb də etmirik”.

"Bəlkə hökumət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Avropaya inteqrasiyanı başa çatdırmaq üçün işə ilk növbədə qarşısına əngəl kimi, baryer kimi çıxan insan haqları sahəsindəki problemləri, siyasi məhbus problemini kökündən həll etməklə başlamalıdır?” – sualına cavabında Səməd Seyidov deyib ki, İnsan haqları, demokratik inkişaf məsələsi birtərəfli proses deyil. Azərbaycan beynəlxalq sistemə inteqrasiya etmiş ölkədir. Bu baxımdan insan haqları, bəşəri dəyərlər, demokratiyanın inkişafı bu saat bir ölkənin təkbaşına fəaliyyətindən asılı deyil:

"Ermənistanda dəfələrlə qanunsuz, saxta seçkilər keçirilib, ancaq beynəlxalq qurumlar hesabatlarda əksini yazıb. Maraqlı dünyada yaşayırıq. Beynəlxalq dairələr onların oyununu oynamadıqda sizi başqa cür təqdim edirlər. Ona görə Azərbaycan çətin mövqedədir. Azərbaycan postsovet ölkələri arasında bəlkə də yeganə dövlətdir ki, tam müstəqil siyasət aparmaq gücündədir. Bu, asan deyil. Ermənistan, hətta bizimlə dost olan Gürcüstan tam müstəqil siyasət aparmaq iqtidarında deyillər. Azərbaycan isə aparır deyə, çətin, xoşagəlməz nəticələrlə üzləşir. İnteqrasiyadan danışırıq, mitinqlərə icazə veririk, amma demokratik dəyərlərə əməl edilmədiyi deyilir. Ona görə çox ehtiyatlı davranmaq lazımdır. Nəzərə alınmalıdır ki, insan haqları həssas məsələdir. Bəzən beynəlxalq təşkilatlar bundan sui-istifadə edirlər”.

Meydan TV