MBH: “Azərbaycanda siyasiləşdirilmiş qadın həbsləri dərhal dayandırılmalıdır”

Azərbaycan milli məfkurəsində qadına verilən xüsusi dəyər onu toxunulmaz və ali mənəvi məqamda təqdim edir. Bu səbəbdən müqəddəs hesab edilən “ana” anlayışı hər bir azərbaycanlı üçün pak və ülvi məna daşıyır. Təəssüf ki, bu gün hörmət və ehtiramla yanaşılması gərəkən qadınlar rejimin siyasi təzyiqləri nəticəsində aşağılanır, şərlənir və həbsə məhkum edilirlər.

Dünən günahkar kimi təqdim edilən bir xanımın həbsxana görüntülərinə ürək ağrısı ilə baxan bizlər bu gün də günahsız qadınların ard-arda həbs olunmasının şahidi oluruq. Hakimiyyətin uzun müddətdir kişiləri hədəfə aldığı siyasi mühit indi “xanım”, “ana” kimi ülvi məqam daşıyan varlıqları da siyasi ambisiyalarına qurban vermək yolunu seçib.

Meydan TV, Toplum TV, AbzasMedia və digər media qurumlarının neçə-neçə qadın əməkdaşının həbsi bu utancverici siyasətin acı nəticələrindən biridir. Yalnız həqiqəti işıqlandırmağa çalışan qadın jurnalistlərinin ağır ittihamlarla azadlıqdan məhrum edilməsi təkcə mediaya qarşı repressiya deyil, həm də Azərbaycan qadınına yönəlmiş alçaldıcı davranış kimi qiymətləndirilməlidir.

Eyni zamanda İmam Hüseynə (ə) ehsan payladıqları üçün altı inanclı xanımın hədəfə alınması, hicab, məscid və digər dini dəyərlərə hörmət bəsləyən qadınların cəzalandırılması, eləcə də günahsız Fələstin uşaqlarının qətliamına etiraz səsini ucaldanların təqib edilməsi hakimiyyətin dəyərləri ayaqlayan yanaşmasının bariz nümunəsidir.

Biz əqidəsinə və siyasi düşüncəsinə görə insanların, xüsusilə də cəmiyyətimizin baş tacı olan xanımların həbs edilməsini qəti şəkildə yolverilməz hesab edirik. Qadınlara qarşı bu münasibəti xalqımıza qarşı hörmətsizlik kimi qiymətləndirir, onların həbsini pisləyir və hakimiyyətdən bütün saxlanılan xanımların dərhal azad edilməsini tələb edirik.

Müsəlman Birliyi Hərəkatı