Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyinin 26 noyabr 2015-ci il Nardaran hadisələrinin 10-cu ildönümü ilə bağlı BƏYANATI
26 noyabr 2015-ci il Azərbaycan müasir tarixində dərin iz buraxmış günlərdən biridir. Həmin gün Nardaran qəsəbəsinə edilən silahlı basqın zamanı Müsəlman Birliyi Hərəkatının dörd günahsız üzvü şəhidlik zirvəsinə ucaldı, bir neçə üzvü yaralandı, Əbəlfəz Bünyadov isə aldığı güllə yarasından əlil arabasına məhkum oldu. Başda Hərəkatın sədri və idarə heyəti olmaqla onlarla üzvü həbs edildi, ağılasığmaz işgəncələrə məruz qaldı və qondarma ittihamlarla 10 ildən 20 ilə qədər həbs cəzasına məhkum edildi. Bu hadisə həm ictimai yaddaşda, həm də milli-dini kimliyimizin tarixində silinməz qan yaddaşı olaraq qalmaqdadır.
Son on il ərzində baş verənlər göstərdi ki, Müsəlman Birliyi Hərəkatı (MBH) hakimiyyətin iddia etdiyi kimi deyil, əksinə mənəvi dəyərləri, vətəndaş ləyaqətini və milli düşüncəni özündə birləşdirən bir hərəkatdır. Azərbaycan tarixində yeganə hərəkatdır ki, başda sədri və idarə heyəti olmaqla hazırda 76 üzvü həbsdədir. Bundan əlavə, son 10 il ərzində bir neçə üzvü həbs olunmuş, sonra azadlığa buraxılmışdır. Bu isə hərəkatın illər boyunca ağır təzyiqlərlə üz-üzə qaldığını açıq şəkildə göstərir.
Xüsusi olaraq qeyd edilməlidir ki, Hərəkatın sədri Hacı Tale Bağırzadə həbsdə olmasına baxmayaraq ölkədə baş verən hadisələrə diqqətini saxlamağa və mövqeyini ortaya qoymağa davam etmişdir. O, inanclıların günahsız həbsinə etirazını ifadə etmiş, ölkədə baş verən təzyiqlər fonunda həbs edilən müxalifət üzvləri, hüquq müdafiəçiləri, jurnalist xanımlar və ümumiyyətlə rejimə etiraz etdiyinə görə həbs edilən hər bir fərdin qondarma ittihamlarına qarşı dörd divar arasında olmasına baxmayaraq öz mövqeyini ortaya qoymuşdur.
44 günlük Vətən Müharibəsində Hərəkatın onlarla üzvü ön sıralarda döyüşmüş, onlardan 3-ü şəhidlik zirvəsinə ucalmış, digərləri isə Qazi statusu almışdır. Bu, Müsəlman Birliyi Hərəkatının xalqına və Vətəninə necə sadiq olduğunu bir daha sübut edir.
Hərəkatın sədri Hacı Tale Bağırzadənin müharibə bitənə qədər siyasi fəaliyyətini dayandıracağını bəyan etməsi Hərəkatın milli və mənəvi prinsiplərə bağlılığının göstəricisidir.
Nardaran hadisəsindən 10 il keçməsinə baxmayaraq, biz bu günü unutmuruq və heç vaxt unutmayacağıq. Bu on il bizə unudulmayan qan yaddaşı, sındırıla bilməyən məğrur duruş, ümidsizlənməyən iman və qələbəyə inamlı təfəkkür bəxş etmişdir.
MÜSƏLMAN BİRLİYİ HƏRƏKATI
AVROPA NÜMAYƏNDƏLİYİ
26.11.2025
10 İLLİK UNUDULMAYAN QAN YADDAŞI — SINDIRILA BİLMƏYƏN MƏĞRUR DURUŞ, ÜMİDSİZLƏNMƏYƏN İMAN VƏ QƏLƏBƏYƏ İNAM