Mehman Hüseynovla bağlı Ombudsmana müraciət

"Anası ağır durumdadır, hər an həyatını itirə bilər”
 
Bir qrup jurnalist və vətəndaş cəmiyyətinin nümayəndələri hazırda həbsdə olan bloger Mehman Hüseynovla bağlı Ombudsman Elmira Süleymanovaya müraciət ünvanlayıblar. 
 
Bu barədə Toplum.Tv-yə hüquqşünas Samirə Ağayeva məlumat verib. 
 
Onlar bildiriblər ki, Mehman Hüseynovun anası Firuzə Hüseynovanın səhhəti ağırdır və reanimasiyadadır: "Mehman Hüseynovun anası Firəngiz Hüseynova 20 günə yaxındır ki, ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır, hazırda komadadır və süni nəfəs aparatlarına qoşulub. Həkimlərin heç biri müsbət proqnoz vermirlər. O, hər an həyatını itirə bilər”.
 
"Mehman Hüseynov ölkədə sərt tənqidçi blogerlərdəndir. O hökumətin həyata keçirdiyi bir sıra layihələr, məmurlar, yüksək vəzifəli şəxslər, deputaların bahalı villaları, evləri və ev əşyaları ilə bağlı ifşaedici video reportajların müəllifidir. Hər dəfə onun video reportajları geniş rezonansa səbəb olur, sosial şəbəkələrdə yüz minlərlə insan tərəfindən izlənir. Mehman Hüseynovun facebook səhifələrinin hazırda 400 mindən çox izləyicisi var”, - müraciətdə deyilir. 
 
Müraciətdə bildirilir ki, Mehman Hüseynovun anası ilə qısamüddətli görüşünün təşkil olunması üçün Ombudsman müvafiq addımlar atmalıdır: "Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 89.1., 89.2.-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkumun qısa müddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır. Firəngiz Hüseynovanın ağır durumunu, onun hər an həyatını itirə biləcəyini nəzərə alaraq bu məsələyə qoşulmağınızı və öz səlahiyyət çərçivəsində təxirə salınmadan tədbir görməyinizi xahiş edirik”. 
 
Müraciəti hüquqşünas Samirə Ağayeva, jurnalistlər - Şəmşad Ağa, Tatyana Kryuçkina, Hafiz Babalı, Aytən Ələkbərova, Fərqanə Novruzova, Vüsalə Rüstəmova, Mustafa Hacıbəyli və başqaları imzalayıb. 
 
İyulun 30-da bir qrup jurnalist və vətəndaş cəmiyyətinin nümayəndəsi RATİ-nin hazırda həbsdə olan sədri Mehman Hüseynovun xəstəxanada olan anası ilə görüşünə icazə verilməsi tələbi ilə Penitensiar Xidmətə müraciət edib. 
 
Onları Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov qəbul edib. 
 
30 iyul 2018-ci ildə bir qrup jurnalist və hüquq müdafiəçisi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs cənab Mehman Sadıqovla görüşüb. 
 
Onlar məhbusa anası ilə görüşməsinə şərait yaradılmasını tələb ediblər. 
 
Daha sonra Azərbaycan Respublikası Ədliyyə naziri Fikrət Məmmədova və Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova teleqram göndərilib. 
 
Mehman Hüseynov 3 mart 2017-ci ildə Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2.-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib. 
 
O, Qaradağ rayonun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəndə saxlanılır.