Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri, bloger Mehman Hüseynovu bu gün səhər Azərbaycandan bir sıra beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə getmək istədiyi Avropaya buraxmayıblar.
AZAL-ın Berlin reysinə gedərkən sərhəd nəzarət məntəqəsində M.Hüseynova bildiriblər ki, onun ölkədən çıxmasına Azərbaycan Baş Prokurorluğu tərəfindən qadağa tətbiq edilib. Bunun səbəbini açıqlamayıblar, bu barədə onun qardaşı, RATİ-nin direktoru Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, blogerin ölkədən çıxışının qadağan edilməsi üçün heç bir hüquqi əsas yoxdur, belə ki, o, iki illik həbs cəzasını tam şəkildə çəkib və azad edildikdən sonra xarici pasport alıb.
M.Hüseynov elə bu gün AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin QHT-lərlə bağlı konfransında iştirak etmək üçün Berlindən Strasburqa getməli idi.
Çərşənbə günü M.Hüseynovun İFEX-in - RATİ-nin üzvü olduğu Beynəlxalq Jurnalist Təşkilatları Şəbəkəsinin illik konfransında iştirakı planlaşdırılırdı. Cümə axşamı bloger AŞPA-nın yaz sessiyası çərçivəsində korrupsiyaya qarşı mübarizə məsələlərinə və təşkilatçılarından biri RATİ olan "Azərbaycan landromatı" araşdırmasına həsr olunmuş "paralel müzakirələrdə" iştirak üçün Strasburqa qayıtmalı idi.
Cümə günü isə blogerin Vyanada ATƏT-in KİV azadlığı üzrə sədri Arlem Dezirin təşkil etdiyi jurnalistlərin təhlükəsizliyi məsələlərinə həsr olunmuş konfransda iştirakı planlaşdırılırdı.
Turan İA
Mehman Hüseynovun ölkədən çıxışına qadağa qoyulub
Oxşar xəbərlər