ABŞ Azərbaycanda insan hüquqlarının vəziyyətini qiymətləndirib

ABŞ Dövlət Departamenti 2018-ci il üzrə insan haqları hesabatı açıqlayıb. 
 
Azadlıq Radiosunun  məlumatına görə, hesabatın Azərbaycan bölümündə ATƏT-ə istinadla 11 aprel prezident seçkisinin məhdud siyasi mühitdə və fundamental azadlıqları əngəlləyən hüquqi çərçivədə keçirildiyi vurğulanır.
 
Ölkədə bu pozuntulara yol verildiyi bildirilir: qətllər; işgəncələr; sərt, bəzən insan həyatı üçün təhlükəli həbsxana şəraiti; siyasi motivli həbslər; diffamasiyanın cinayət əməli sayılması; jurnalistlərə fiziki hücumlar; ifadə, sərbəst toplaşmaq azadlıqlarının hədə, həbs və sual doğuran ittihamlarla məhdudlaşdırılması.
 
Hesabatda fəallara, jurnalistlərə, dünyəvi və dindar fiqurlara qarşı sərt təqiblərdən, internet saytlarının bloklanmasından, jurnalist və fəalların hərəkət azadlığına məhdudiyyət qoyulması hallarından söz açılır.
 
Dövlət Departamenti ötən ilin yayında baş vermiş Gəncə olaylarına da diqqət yetirir. Qeyd olunur ki, təhlükəsizlik xidmətləri həbs olunmağa müqavimət göstərdikləri iddia edilən beş nəfəri öldürüb.
 
Sənədə görə, ölkədə işgəncələr, qeyri-insani, alçaldıcı rəftarlar cəzasız qalır. Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinə istinadla polis və hüquq mühafizə orqanlarında işgəncələrin, pis rəftarın başqa növlərinin, korrupsiyanın, cəzasızlığın sistematik hal aldığı deyilir. Qeyd olunur ki, zorakılığa məruz qaldığı iddia edilən şəxslərin müstəqil tibbi ekspertizası faktiki yasaqlanıb, bu şəxslərin vəkillə görüşünə icazə ləngidilir, nəticədə qanunsuzluqları törədənlər cəzasız qalır.
 
Hesabata əsasən, Azərbaycanda 128-156 nəfər arasında siyasi məhbus var.
 
O da qeyd olunur ki, Vəkillər Kollegiyası da daxil hakimiyyət orqanlarının həyata keçirdiyi bir sıra tədbirlərə görə siyasi motivlərlə həbs olunduqları iddia edilən şəxslərin müdafiəsinə çıxan vəkillərin sayı kəskin azalıb, siyasi motivli işlər üzrə məhkəmələrə çıxan vəkillərin kollegiyadan xaric edilməsi prosesi intensivləşib.
 
Sənəddə deyilir ki, Azərbaycanda müstəqil və xarici mediaya basqılar davam edir, yerli medianın böyük bir qismi maliyyə baxımından siyasi partiyalardan, nüfuzlu sponsorlardan və dövlətdən asılıdır, sərbəst toplaşmaq azadlığı məhduddur.