Bir qrup AŞPA üzvü Azərbaycanda insan hüquqlarının pozulmasının araşdırılmasına çağırıb

Rasmus Vesterqaard Madzehin rəhbərliyilə Avropa Şurası Parlament Assambleyasının 25 üzvünün təqdim etdiyi qətnamədə Azərbaycanda insan hüquqlarının pozulması və korrupsiya pislənilib.

"Çoxmilyardlıq ələ alınma sxemini aşkar edən Laundromat araşdırmasından bir il sonra Azərbaycanda vəziyyət dəyişməyib. Heç bir cinayət işi başlamayıb, heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.

Avropanı sarsıdan hadisə Azərbaycanda mühüm ictimai debatlara səbəb olmayıb. Güclənməkdə olan avtoritar rejimin sayəsində ölkədə vətəndaş cəmiyyəti və müstəqil jurnalistikanın fəaliyyəti üçün məkan yox olub.

Azərbaycanda korrupsiyanı ifşa edən jurnalistlərdən biri tanınmış bloger və hüquq müdafiəçisi Mehman Hüseynovdur. O, hazırda diffamasiya ittihamı ilə ikiillik həbs cəzası çəkir.

Onun ailəsi təzyiqlərə məruz qalıb və bu da 2018-ci il avqustun 6-da anasının ölümünə səbəb olub.

M.Hüseynov rejimin siyasi motivlərlə həbsə atdığı çoxsaylı qurbanlarından biridir.

Əfqan Muxtarlı, Xədicə İsmayılova, həmçinin ictimai fəallar İntiqam Əliyev və İlqar Məmmədovla da analoji hadisələr baş verib.

Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurasının digər orqanlarının tələbi ilə o azadlığa buraxılsalar da onların ölkədən çıxışına qadağa qoyulub.

Parlament Assambleyası Azərbaycan hakimiyyətini Avropa Şurasında nüfuzun pulla ələ alınması və insan hüquqlarının pozulmasının gizlədilməsi üçün korrupsiya praktikasına görə məsuliyyətə cəlb etməlidir.

Bundan əlavə, Assambleyaya tövsiyə edilməlidir ki, Danske Bank-ın Laundromat-dan əldə etdiyi mənfəət Azərbaycanda korrupsiyaya qarşı mübarizə, insan hüquqlarının və demokratiyanın təşviqi üçün Azərbaycanın vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönəldilməlidir", - qətnamədə deyilir

Turan