Məhkumiyyət insandan sadəcə azadlığı almır, həm də sevdiyi insanlarla aralarında məsafə qoyur. Təyin olunan cəza növündən asılı olaraq qanunlar ara-sıra məhkumlar üçün məsafəni qisaldır. Təəssüfflə deməliyəm ki, qanunlar hər zaman məhkumlara kömək ola bilmir. Məhkum ya qanunları tələb edəcək gücə sahib olmalıdır, ya da satın alacaq pula.
Cavid-19 pandemiyası yayılarkən dünya dövlətləri, səhiyyə təşkilatları bu bəladan qurtuluş yolları düşünərkən, Azəribaycan hakimiyəti bu xaosdan necə yararlanacağını planladı. Və budur qadağalar, məhdudiyyətlər və ardınca ciblərə dolan milyonlar.
Cəzaların İcrası Məcəlləsinin 81-ci və 84-ci maddələrinə əsasən sizin qohumlarla, vəkillərlə və digər şəxslərlə görüşlər və telefon danışıqları hüquqlarınız vardır.
Görüşlər iki növə bölünür; Qısa müddətli (dörd saatadək) və uzun müddətli (bir gündən üç günədək).
Qısa müddətli görüşlər qohumlarla və ya başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin ərazisində bu məqsədlər üçün xüsusi təşkil olunmuş otaqlarda keçirilir. Uzun müddətli görüş isə birlikdə yaşamaq hüququ ilə yalnız yaxın qohumlara, yəni arvad, ər, valideyinlər, baba, nənə, övladlar, övladliga götürənlər və sairlərə verilir. Uzun müddətli görüşlər bir qayda olaraq cəzaçəkmə müəssisəsinin ərazisində ümumi həyətli yaşayış və kommunal-məişət şəraiti olan binalarda hər ailə üçün nəzərdə tutulmuş otaqlarda təqdim edilir.
Penitensiar xidmətdə çarxlar qanuna uyğun yox, kralın kefinə görə dövr edir. Pandemiya dövründən etibarən açıq görüşlər şüşə arxası görüşlərlə əvəz edilib. Normal ölkələrdə insan sağlamlığının qorunması məqsədi ilə yaradılan bu kimi tədbirlər, Azərbaycanda məqsəd sadəcə gəlir əldə etməkdir. Yəni görüşünüzə gələnlərlə aranızda maneə olmasını istəmirsinizsə əliniz cibinizdə olsun. Qiymətlər 50 manatdan başlayır və görüşə gələnin sayından və kimliyindən aslı olaraq artan templə dəyişir. Uzunmüddətli göruş 250 manatdan başlayır və bir qayda olaraq dəyişir. İnkişaf etmiş dünya ölkələrinin praktikasında da məhkumların maneəsiz açıq görüşlərə çıxmasına şahidlik edə bilərik. Məhkum üçün görüş ən həssas məsələdir.
Ay ərzində bir və ya iki dəfə gördüyü sevdiyi insanlarla arasında maneə qoyulması və üzərində qeyri-qanuni gəlir əldə edilməyə çalışılması ən vicdansız əməllərdən biridir.
İlham Əliyev 2025-ci ili Konstitusya İli elan edərək özünü qanunpərvər göstərməyə çalışsa da, əksini hamımız yaxşı bilirik. Azərbaycan hakimiyyəti hər səfərində Azərbaycanda siyasi məhkumların olmadığını, özünü siyasi məhkum kimi təqdim edənlərin törətdikləri cinayət əməlinə görə azadlıqdan məhrum edildiklərini bildirir. Lakin həm məhkəmələrdə, həm də təcridxana və cəzaçəkmə müəssisələrində siyasi hakimiyyətin müdaxiləsi ilə qanunsuz mühakiməyə və qanundan kənar qadağalara məruz qalırıq. Məhkəmələrdə vəsadətlərimizin təmin olunmadığı kimi, Penitensiar müəssisələrində görüşlərimizə məhdudiyyətlər qoyulur, süni maneə yaradılır, telefon danışıqları dinlənilir, şəxsi həyatın toxunulmazlığı pirinsipləri heçə sayılır, vəkillərimizlə əlaqə yaradılmasına icazə verilmir, ailə üzvlərimizə problemlərimizi deyərkən telefon danışığı kəsilir.
Penitensiar xidmət dövlət müəssisələrini özəl biznes obyeklərinə çevirib. Millətin gələcəyini oğurlamış, dövlətin pulunu mənimsəyənlər oğurladıqları pulları Penitensiar Xidmətlə bölüşərək özləri üçün ən lüks şəraiti yaradırlar.
Bu və bu kimi çoxsaylı məhbus problemləri zatən cəhənnəm olan həbsxanada dustağın həyatını işgəncəyə çevirməyə davam edir. Az da olsa həllini tapmağa ümidli olduğum problemləri məhbus divarlarına məhkum olmuş bir şəxs kimi Azərbaycan xalqına ünvanlamaqla burada olanların vəziyyətini sizinlə bölüşmək istədim.
Məhbus... Dörd divar arasında günahsız təcrid həyatı yaşayanlardan.
Görüş hüququ və süni qadağalar