Qəzzada müharibəni dayandıra bilmirik, çünki, ABŞ İsraili qətiyyətlə dəstəkləyir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, ABŞ-nin İsraili dəstəkləməsi səbəbindən Aİ Qəzza zolağındakı hadisələri dayandıra bilmir.
Kallas qeyd edib ki, Avropa İttifaqı fələstinlilərin hüquqlarının müdafiəsində beynəlxalq arenada fəal oyunçuya çevrilib. Bununla belə, o, vəziyyətin dəyişməməsinə görə məyusluğunu dilə gətirib:
“Biz kifayət qədər iş görmürük. Vəziyyət davam edir və biz onu dayandıra bilmirik, çünki, bildiyiniz kimi, ABŞ İsrail hökumətini və onun addımlarını qətiyyətlə dəstəkləyir”.
Aİ rəsmisi həmçinin vurğulayıb ki, münaqişənin dayandırılması üçün öz sələfi Jozep Borreldən daha çox səy göstərib.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentində illik çıxışı zamanı İsraillə bağlı bir sıra tədbirləri təqdim edib. O, Aİ-nin yəhudi dövləti ilə əməkdaşlığı məhdudlaşdırmaq və İsrail hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.