AŞPA məruzəçisi siyasi məhbus hesabatı hazırlayır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbus sayılan şəxslər üzrə məruzəçisi, islandiyalı deputat Torhildur Sunna Evarsdottir yanvarda öz hesabatının ilkin variantını təqdim edəcək.
 
Məruzəçi bu haqda özünün Twitter-dəki mikrobloqunda yazıb.
 
Məruzəçi təqdim edəcəyi sənəddə həbsdəki bloqqer Mehman Hüseynova yeni cinayət işinin açılmasına da yer verəcək. Polisə böhtanda ittiham edilərək 2 il həbs alan və azadlığa çıxmasına bir neçə ay qalan bloqqerə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etmək ittihamı irəli sürülüb.
 
«Hesabat AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin diqqətinə çatdırılacaq. Azərbaycanlı fəalların narahatlığını başa düşür, ancaq Azərbaycana səfər etmək üçün icazə almalıyam», - məruzəçi qeyd edib.
 
Buna qədər Azərbaycandan olan bəzi ictimai-siyasi fəallar təyin edilməsindən 7 ay keçsə də, məruzəçinin hələ də Azərbaycana səfər etməməsindən narahatlıq bildirmişdilər.
 
İyun ayında Avropa Şurası (AŞ) Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib.
 
İslandiyadan olan deputat T.Evarsdottir iyunun 25-də Avropa Şurasının Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin sədri seçilib. Həm də məruzəçi təyin edilən deputat «Azərbaycandakı siyasi məhbuslar» adlanan hesabat hazırlamalıdır.
 
Apreldə deputat Piter Omtsiq başda olmaqla Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürmüşdülər. AŞPA Bürosu həmin təşəbbüsü qəbul etmişdi. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə alınıblar.
 
Azadlıq Radiosu