İordaniya Suriyanı bombaladı

İordaniya Suriyanın cənubundakı “terror təşkilatlarının mövqelərinə” hava zərbələri endirildiyini elan edib.  İordaniya ordusundan verilən açıqlamada, hərbi hava qüvvələrinə məxsus qırıcıların keçən həftə Kərək vilayətində bir Pravoslav kilsəsinə qarşı törədilən ölümcül hücuma qisas olaraq Suriyada “terror təşkilatlarını” hədəf aldığı bildirilib. Açıqlamada bombardman nəticəsində “terrorçuların müxtəlif mövqelərinin məhv edildiyi” və “kilsə hücumunun icraçıları ilə əlaqəli qruplaşmalardan çoxlu sayda şəxsin öldürüldüyü” iddia olunub.

İordaniya hakimiyyət orqanları hava zərbələrindən əvvəl kilsə hücumuna görə məsuliyyət daşıdığı bildirilən üç nəfərin tərk edilmiş bir evdə yaxalandığını, bu şəxslərin Suriyanın cənubundakı cihadçı qruplarla əlaqəli olduğunu açıqlamışdı. Ayrıca üç şübhəlinin yaxalandığı əməliyyat zamanı atışmanın baş verdiyi, yaralı hücumçuların müalicəsinin xəstəxanada davam etdiyi, çoxlu sayda silah və böyük miqdarda sursatın ələ keçirildiyi bildirilmişdi.

 

Kral Abdulla “Cəzasız qalmayacaq” demişdi

İordaniya Kralı Abdulla cümə günkü hücumdan sonra “Kərəki hədəf alan bu terror əməlinə ən ağır cəzalarla cavab verəcəyik” bəyanatını vermiş, həmçinin hərbi geyimdə və belində silahla kilsə hücumunda yaralananları xəstəxanada ziyarət etmişdi. Dünən üç şübhəlinin yaxalandığı əməliyyatdan sonra sosial media hesabından yeni bir paylaşım edən Kral Abdulla “Terrorçuların cəzasız qalmayacağını demişdik” deyərək, “İordaniya təhlükəsizlik qüvvələrinin cinayətkarları sonadək təqib etdiyini” və “terrorçuların qaranlıq ideologiyasına dözümlülük göstərilməyəcəyini” demişdi. İordaniyadakı bu əməliyyatın ardınca bazar ertəsi gecə saatlarında İordaniya hərbi hava qüvvələri Suriya ərazisində “hücumlarla əlaqəli terrorçu mövqelərini” hədəf alan bombardman həyata keçirdi. Əmmandan verilən açıqlamaya görə, əməliyyatda İŞİD üzvü olduğu ehtimal edilən 20-dən çox şəxs öldürülüb.

İordaniyalı rəsmilər hava zərbələrindən əvvəl Suriya hökumətinin məlumatlandırıldığını bilrirsə də,  Suriya dövlət xəbər agentliyi Prezident Əhməd Şara rəhbərliyindəki Dəməşq rəhbərliyinin bunu təsdiqləmədiyini bildirib. Suriya hökumət mənbələrinə istinadən verilən xəbərdə “İordaniyanın hərbi əməliyyatı Suriya hakimiyyət orqanları ilə öncədən əlaqələndirmədiyi, hadisələri qiymətləndirmək üçün İordaniya ilə təmasda olunduğu” qeyd edilir.

 

Suriya: İordaniyanın hücumlarında uşaqlar da ölüb

Dəməşqə görə İordaniya Suriyanın Dəra və Süveyda bölgələrini hədəf alıb, hücumlar nəticəsində mülki şəxslər də həyatını itirib. Suriya Mülki Müdafiə Agentliyinin məlumatına görə, Dərada altı, Süveyda bölgəsində isə bir nəfər həlak olub. Dəradakı tibb işçiləri hücumlarda öldürülənlər arasında üç uşaq və bir qadının olduğu məlumatını paylaşıblar. Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidə Qrupu isə hücumlarda ən azı səkkiz nəfərin öldüyünü, həyatını itirənlər arasında yaşlı bir kişi ilə üç uşağın olduğunu açıqlayıb, dörd nəfərin yaralandığını və ölənlərin sayının arta biləcəyini bildirib. İordaniya Dəməşqdən gələn reaksiyalardan sonra “Suriya dövlətinə hörmət edildiyi, iki qardaş dövlət arasında koordinasiyanın olduğu” barədə açıqlama verib.

 

İbadət evlərinə hücumların nadir hallarda baş verdiyi İordaniyada keçən cümə günü silahlı üç nəfər ölkənin cənubundakı Kərək vilayətində yerləşən Rum Pravoslav Müqəddəs Yorgi Kilsəsinə gedərək dəfn mərasimi üçün toplaşan kütləyə atəş açıb. Hadisə zamanı doqquz nəfər həlak olub. İordaniyada mühüm xristian icmasına ev sahibliyi edən Kərək əhalisinin 2-3 faizini xristianlar təşkil edir. Hücumdan sonra  üçgünlük milli matəm elan edilib, hökumət binalarında və dövlət qurumlarında bayraqlar yarıya qədər endirilib. Doqquz nəfərdən səkkizi bazar günü kilsənin yanında dəfn olunub. Dəfn mərasiminə böyük izdiham qatılıb, ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Doqquzuncu hücuma məruz qalan isə Əmmanın cənubunda torpağa tapşırılıb. İordaniya qanunvericiliyinə görə, qətl törətmək cinayətinin cəzası edamdır.