Hacı Vəliyevin həbs cəzası 2 il 6 aydan 2 ilə endirilib

Fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin sədri, ictimai fəal Hacı Vəliyevin həbs cəzası 2 il 6 aydan 2 ilə endirilib.

Oktyabrın 29-da Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə Vəliyevin barəsində çıxarılan hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.

Məhkəmə kassasiya şikayətini qismən təmin edərək ictimai fəalın həbs cəzasını 6 ay azaldıb.

İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Hacı Vəliyev müharibədən sonra sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirməklə məşğul olub.

O, 2025-ci il martın 18-də küçə ticarəti ilə məşğul olan qazilərə polis müdaxiləsini əks etdirən videogörüntülər paylaşmışdı. Bundan 13 gün sonra - martın 31-də II qrup əlilliyi olan Vəliyevi polis əməkdaşları saxlamışdı.

2026-cı il mayın 6-da Tovuz Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Gəncə Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirmədən qüvvədə saxlamışdı.

Vəliyev iyunun 21-də “ədalətsiz məhkəmə hökmünə” etiraz olaraq aclıq aksiyasına başladığını açıqlamış, sonradan aksiyanı dayandırmışdı.

İctimai fəal irəli sürülən ittihamları qəbul etmir. O, 2025-ci ilin avqustunda həbsdə olan müstəqil jurnalist Ülviyyə Əliyə verdiyi müsahibədə qazilərin və müharibə veteranlarının problemləri ilə bağlı sosial şəbəkələrdə və mediada səsləndirdiyi tənqidlərə görə həbs olunduğunu bildirmişdi.