Qarabağ Komitəsinin sədri dəyişib

Qarabağ Komitəsində sədr dəyişikliyi olub.
 
Bu barədə "Novator.az" xəbər verib.
 
Xəbərə görə, qurumun avqustun 28-də keçirilən iclasında dönəm sədrliyi Sahib Kərimlidən Felmar Ələkbərova ötürülüb. Yeni sədrin səlahiyyət müddəti iki aydır.
 
Bir qrup ictimai-siyasi xadimin 2018-ci ildə yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətində Sahib Kərimlidən və Felmar Ələkbərovdan savayı İlham İsmayıl, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Tural Abbaslı, Əvəz Zeynallı, Taleh Əliyev və Əlövsət Sadıqov təmsil olunurlar.
 
Felmar Ələkbərov 1950-ci ildə Ağdamda anadan olub. İndiki Neft və Sənaye Universitetini bitirib. Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədridir.
 
Qarabağ Komitəsi 2018-ci il sentyabrın 29-u Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun "İnşaatçılar” stansiyasının yanı) "Qarabağa azadlıq!” devizi ilə sanksiyalaşdırılmış mitinq keçirib. Amma Bakı Şəhər İcra Hakimiyyəti komitənin eyni məkanda noyabrın 24-nə, dekabrın 15-nə, 2019-cu il fevralın 16-na, martın 16-na, mayın 4-nə və iyulun 23-nə təyin etdiyi mitinqlərə razılıq verməyib. İmtina məktublarında qeyd olunub ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş apardığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.