Ələsgər Məmmədlidə aşkar edilən şişdən mülki klinikada məhdud şəraitdə biopsiya götürülüb

İyunun 22-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “Toplum TV” internet nəşrinin təsisçisi Ələsgər Məmmədlinin qalxanabənzər vəzində aşkar olunan şişdən özəl klinikada (West Hospital) iynə biopsiyası götürülüb. Bu barədə Əlsəgər Məmmədlinin ailəsinə və vəkillərinə qabaqcadan xəbər verilməyiblər.

Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib ki, iyunun 22-də biopsiya edildikdən və Ələsgər Məmməldi təcrdixanaya qaytarıldıqdan sonra klinika onun ailəsinə xəbər verib.

“Iyunun 22-də klinikadan mənə zəng etdilər ki, Ələsgər bəyin biopsiyası artıq edilib və bununla bağlı Klinikaya ödəniş etməlisiniz. Mən təcili Klinikaya gəlsəm də Ələsgər bəy artıq orda yox idi. Biopsiya olunduğunu bildirdilər. Təbii ki, tələb olunan məbləği ödədikdən sonra klinikadan çıxdım”, o qeyd edib.

Nəsimi Məmmədli iyunun 22-də təcridxanada qardaşı ilə görüşüb.

“Ələsgər bəyin boğazının sol hissəsində iynənin çıxarıldığı yerə xüsusi tibbi bant yapışdırılmışdı. Bantın üzərindən quru qan ləkəsi görünürdü. Biopsiyanı edən həkim tövsiyə etmişdi ki, bir müddət sonra bantı çıxara bilər. Amma infeksiya keçməsin deyə tez çıxarmamağı məsləhətdir. Ələsgər bəyin sağ qolunun dirsəkdən biləyə kimi dəri hissəsində 3 xətli nazik sıyrılmış açıq yaralar diqqətimi çəkdi. Dərinin səthi sanki sərt əşyaya sürtülərək açılmışdı. Bənizi solğun, taqətsiz halda, yüksək təzyiqli və kəskin baş ağrısı ilə görüşə gələn Ələsgər bəy bu gün başına gələnləri mənə özü nəql etdi. Onu səhər təcili 2-3 nəfərlik konvoy nəzarəti altında West Hospitala gətiriblər. Təcridxanadan Klinikaya gətirilməsini heç kimə deməyiblər. Tamamilə gizli şəkildə gətirilib. Klinikanın arxa qapısından içəriyə daxil olanda orada təqribən 30 nəfərlik mülki və polis geyimində olan təhlükəsizlik orqanlarının əməkdaşları olub. Polisin və mülki geyimli təhlükəsizlik orqanı əməkdaşlarının əhatəsində, qolları qandallı şəkildə onu klinakanın 4-cü mərtəbəsində yerləşən əməliyyatxanaya çıxarıblar. Liftin girişində və çıxışında 10-15 nəfərlik xüsusi mühafizə yerləşdirilib. Biopsiya ediləcək kiçik palataya qolu qandallı daxil olub. Məhkəmə qərarında adları qeyd edilən həkimlər Azər Hümbətov və Aydın Əliyevin iştirakını tələb edib, amma təhlükəsizlik orqanının mülki geyimli əməkdaşları bu istəyi qəbul etməyib. Azər və Aydın həkim başqa klinikada olduqlarına görə onları çağırmağa icazə verilməyib. Deyiblər ki, cəmi 20-25 dəqiqə vaxtınız var. Biopsiyanı başqa həkim etsin. Klinikadan təkilf edilən başqa bir həkim biopsiya etməli olub. Palataya çağrılan həkimin UZİ altında sərbəst iynə biopsiyası etməsi üçün çox məhdud şərait yaradılıb. Əməliyatxanaya adi geyimdə, ayaqqabıda (baxılsız) daxil olan 10-12 nəfərlik təhlükəsizlik orqanı əməkdaşları Ələsgər bəyin başının üstündə dayanıb. Qapının arxasında da təqribən bu qədər polis geyimində olan şəxs olub. Hətta Ələsgər bəyin əynindəki köynəyin çıxarmasına qollarındakı qandal maneə törətdiyinə görə həkimin israrından sonra açmağa icazə veriblər. Ələsgər bəyin belə bir mühafizə altında klinikaya gətirilməsini təhlükəsizlik tədbiri ilə əlaqələndiriblər”, o qeyd edib.

Nəsimi Məmmədlinin sözlərinə görə, qardaşının həkimləri tövsiyə etmişdilər ki, biopsiya ilə yanaşı digər zəruri analizlər də mütləq verilməlidir.

“Bununla əlaqəli ayrıca rəsmi tibbi tövsiyyələrin qeyd olunduğu sənəd də verilmişdi. Tiroid Biopsiyası ilə yanaşı, TSH, ST4, Tireoglobulin, bilirubin fraksiyaları, GGT, ALT, AST, Amilaza, şəkər HbAıC, Kreatin, Qanın ümumi analizi. Təhlükəsizlik qüvvələri bu analizlərin verilməsinə də imkan verməyiblərƏ.

O bildirib ki, ciddi bir problem isə boğazdakı bir neçə şişin ən böyüyündən biopsiya götürülməməsidir.

“Sağ payda aşkar olunan 23 mm-lik şişdən deyil, 12-14 mm-lik sol paydakı düyündən götürülüb. Biosiya əməliyatını həkim çox məhdud şəraitdə icra edib. Həkimin xahişinə baxmayaraq təhlükəsizlik əməkdaşları bir addım belə geri çəkilməyiblər. Ələsgər bəy deyir ki, həkim əl-qolunu güclə tərpədirdi. Həkim işini tamamilə əhatəyə alınmış halda icra edib.

Qollarındakı sıyırıqlar isə biopsiyadan çıxıb maşına mindirilərkən ani başgicəllənməsinə görə müvazinətini itirib, qolları qandallı olduğuna görə heç yerdən tuta bilməyib və maşının qapısındakı hansısa çıxıntıya sürtülüb”, o qeyd edib.

Məmmədli qardaşının sağlığına yaranmış real təhlükəni ortadan qaldıraq üçün vəsatətə verildiyini xatırladab.

“Amma belə anladıq ki, buna nail olmağa imkan vermək istəməyənlər var. Ələsgər bəy özü də anlamağa çətinlik çəkir ki, niyə belə bir pis rəftara məruz qalıb. Onun həyatına qəsd etməkdən kim, nə qazanacaq? Qısa müddət içərisində məhkəmə qərarı bax belə icra olunub. Ələsgər bəydən biopsiya ilə götürülən analizin cavabı 10 gün ərzində bilinəcək. İndi nə biz nə də toplumun vicdanlı hissəsi bu çıxacaq analizin nəticəsinə necə güvənsin, etibar etsin?

Məhkəmənin qərarını belə icra edəcəkdinizsə, buna heç öncədən icazə verməyəydiniz”, o qeyd edib.

Xatırladaq ki, iyunun 15-də Xətai Rayon Məhkəməsi hakimi Aygün Həsənovanın sədrliyi ilə keçən qapalı iclasda Ələsgər Məmmədlinin qalxanabənzər vəzində aşkar olunan 23 mm-lik şişdən özəl klinikada (West Hospital) iynə biopsiyası götürülməsi barədə qərar verib.

Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.

 

Turan.az