Hüquq müdafiə təşkilatları Azərbaycanı Beynəlxalq İşgəncələrə qarşı Mübarizə Günündə alimi azad etməyə çağırırlar

Publishing What You Pay və Crude Accountability hüquq müdafiə təşkilatları Beynəlxalq İşgəncələrə qarşı Mübarizə Günündə azərbaycanlı alim doktor Qubad İbadoğlunun vəziyyəti ilə əlaqədar həyəcan təbili çalıb və Azərbaycan hökumətini onun təxirəsalınmaz tibbi yardım almaq üçün xaricə çıxmasına dərhal icazə verməyə çağırıb.

Məşhur siyasi iqtisadçı və korrupsiyaya qarşı mübarizə aparan doktor İbadoğlu doqquz ay həbsdə qaldıqdan sonra, aprelin 22-dən etibarən Bakıda ev dustaqlığındadır. 23 iyul 2023-cü il tarixində çoxlarının əsassız hesab etdiyi ittihamlarla həbs olunması beynəlxalq standartlara uyğun olmadığı bidirilən şəraitdə onun səhhətinin pisləşməsi ilə müşayiət olunub. Beynəlxalq çağırışlara baxmayaraq, Azərbaycan hakimiyyəti ona ağır aorta xəstəliyinin müalicəsi də daxil olmaqla, təxirəsalınmaz tibbi yardımı göstərməkdən daim imtina edir.

Hüquq müdafiə təşkilatları iddia edirlər ki, Azərbaycanın doktor İbadoğluna qarşı davranışı amansız, qeyri-insani və ləyaqəti alçaldan rəftar, BMT-nin İşgəncələr Əleyhinə Konvensiyasında və ölkənin ratifikasiya etdiyi digər beynəlxalq sazişlərdə qadağan edilmiş pozutulardır.

Təşkilatlar Azərbaycanın beynəlxalq tərəfdaşlarını, o cümlədən BMT-nin Bakıda keçiriləcək iqlim dəyişikliyi konfransının iştirakçılarını doktor İbadoğlunun tibbi yardım almaq üçün məhdudiyyətsiz səfərlərinə və ona qarşı bütün ittihamların ləğv olunmasına nail olmağa çağırırlar. Onlar həmçinin Azərbaycanda siyasi motivli ittihamlarla saxlanılan digər hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların maraqlarını daha geniş şəkildə müdafiə etməyə çağırırlar.

Bu müraciət Avropa İttifaqı, Avropa Şurası, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi təşkilatların, habelə Azərbaycanda maraqları olan biznesin birgə beynəlxalq təzyiqinə ehtiyac olduğunu göstərir. Onların iştirakı Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq standartlara riayət etməsinin təmin olunması üçün həlledici əhəmiyyət kəsb edir.

 

Turan.az