Qarabağ Komitəsi mitinq qərarı verdi

Qarabağ Komitəsi fevralın 16-sı Bakıda, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda "Qarabağa azadlıq!” şüarı ilə mitinq keçirmək qərarı verib. 
 
Qərar komitənin 23 yanvar iclasında çıxarılıb.
 
2018-ci il sentyabrın 29-da Qarabağ Komitəsi həmin stadionda eyni şüarla mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti komitənin noyabrın 24-nə və dekabrın 15-nə təyin etdiyi analoji mitinqlərə razılıq verməyib.
 
Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətinə Pənah Hüseyn, İsgəndər Həmidov, Mirmahmud Mirəlioğlu, İlham İsmayıl, Akif Nağı, Tural Abbaslı, Əvəz Zeynallı, Sahib Kərimli, Taleh Əliyev daxildir.
 
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün hərbi təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı "müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
 
Novator.az