Biləsuvarın keçmiş icra başçısının cəzası azaldıldı

14 il Astara və Biləsuvar rayonlarının icra başçısı vəzifəsində çalışan, dörd ildir həbsdə olan Mahir Quliyevin cəzası azaldılıb. Külli miqdarda mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadədə suçlanan keçmiş icra başçısına kəsilmiş 11 illik həbs cəzası 8 il 3 aya endirilib.

Buna iyunun 28-də Ali Məhkəmədə Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası qərar verib.

Qərara əsasən, M.Quliyevə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilib. Yəni, Ali Məhkəmə də onu büdcə vəsaitlərinin yeyintisi və başqa əməllərdə təqsirli sayıb, amma cəza məsələsində ona güzəşt etmək qərarı verilib.

M.Quliyevin vəkilləri onun xidmətlərindən, səhhətində problemlərdən, uzun müddət komada olmasından danışıblar. Müdafiəçilər onun yetərincə cəza çəkdiyini vurğulayaraq həbsdən buraxılmasını istəyiblər.

Keçmiş icra başçısının işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılanda Biləsuvar rayon İcra Hakimiyyəti 3 milyon, "DOST" İş Mərkəzi isə 125 min manatlıq mülki iddia qaldırmışdı. Məhkəmənin hökmündə bu mülki iddiaların təmin olunması, M.Quliyevin özü və yaxınlarına məxsus, Bakının Nərimanov rayonunda yerləşən iki mənzil və bir avtomobilin müsadirəsi də əksini tapıb. Üç il öncə müsadirə olunmuş əmlaklar 1 milyon 34 min manat dəyərində qiymətləndirilmişdi.

"Vətənə xidmətə görə" ordeni ilə təltif olunub

"Bu əmlaklar Mahir Quliyev Biləsuvarın icra başçısı vəzifəsində işləməmişdən öncə alınıb. Ümumiyyətlə, mənimsəmə ilə bağlı ittihamlarla qətiyyən razılaşmırıq. Mahir Quliyev şərəflə işləyib. Təsadüfi deyil ki, o, prezident tərəfindən "Vətənə xidmətə görə" ordeni ilə də təltif olunub", - vəkil Leyla Məmmədovanın sözləridir.

Əmlakların müsadirəsi ilə bağlı qərarın ləğvi üçün M.Quliyevin yaxınları da hökmdən yuxarı instansiya məhkəmələrinə ayrıca şikayətlər vermişdi. Lakin müsadirə qərarı dəyişməmişdi.

Rüşvət ittihamını qəbul etmir, səhlənkar olduğunu deyir

M.Quliyev məhkəmədə deyib ki, dövlətin pulunu mənimsəməsi, rüşvət alması barədə ittihamları qəbul etmir. Lakin özünü səhlənkarlıqda təqsirli bilir.

"Əgər cəza çəkməyim lazımdırsa, çəkərəm...", - o, son sözündə belə deyib.

İyunun 14-də Ali Məhkəmə həbsdə olan keçmiş icra başçılarından daha birinin - Göygöl, Samux və İmişli rayonlarının icra başçısı olmuş Vilyam Hacıyevin də cəzasını azaldıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin ona kəsdiyi 12 il həbs cəzası 8 il 6 aya endirilib. Ona münasibətdə də Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib.

Xatırlatma

66 yaşlı M.Quliyev 2006-2011-ci illərdə Astaranın, 2011-ci ildən həbs olunana qədər isə Biləsuvar rayonunun icra başçısı olub. O, 2020-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Biləsuvar rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanıb.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.

Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev hökmdən az sonra koronavirusa yoluxub və 2021-ci il sentyabrın 5-də ölüb. Qoca Səmədov (Yevlax) isə 2023-cü ilin dekabrında – vaxtından əvvəl şərti azadlığa buraxılandan beş ay sonra vəfat edib.

 

AzadlıqRadiosu