İqtisadçılar Fərid Mehralızadənin ev dustaqlığına buraxılması xahişi ilə çıxış edib

Bir qrup iqtisadçı həbsdə olan iqtisadi təhlilçi Fərid Mehralızadə barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi xahişi ilə dövlət qurumlarına müraciət edib.

“Fərid Mehralızadəyə qarşı irəli sürülmüş ittihamların obyektiv araşdırılmasını və istintaq müddətində onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məqsədəuyğun hesab edirik”, sənəddə qeyd edilir.

Sənədi imzalayan iqtisadçılar müvafiq dövlət qurumlarına müraciət edir ki, gənc iqtisadçı Fərid Mehralızadənin azadlığa buraxılması üçün mümkün olan bütün hüquqi vasitələr nəzərdən keçirilsin.

“Fərid Mehralızadə Azərbaycanın peşəkar gənc nəsil iqtisadçılarının önündə gedənlərdən biridir. Biz onun gələcəkdə aparıcı alimlərimizdən olacağına inanırıq. Belə düşünməyə onun iqtisadi, sosial, ali təhsil və digər mövzularda davamlı olaraq etdiyi təhlillər əsas verir. Bu araşdırmalar ölkəmizdəki iqtisadi mövzularda müzakirə mühitinə, fikrimizcə, töfhə kimi qiymətləndirilə bilər”, müraciətdə qeyd edilir.

Fərid Mehralızadə mayın 30-da saxlanılıb, ona “Abzas Media” internet nəşrinin əməkdaşlarına qarşı qaldırılmış cinayət işi üzrə qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Sənədi Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Həsənov, müstəqil iqtisadçılar İnqilab Əhmədov, Elçin Rəşid, Azər Mehtiyev, Samir Əliyev, Rövşən Ağayev, Toğrul Vəliyev, Xatai Alıyev və Rəşad Həsənov imzalayıb.

 

AmerikanınSəsi