2024-cü ildə Azərbaycanda 19 hərbi qulluqçu dünyasını dəyişib

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, 2024-cü ilin birinci yarısında Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ən azı 19 hərbi qulluqçusunu itirib. Onlardan 17 nəfəri qeyri-döyüş itkiləri ilə bağlıdır, 2-si isə 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatından sonra yaralanmış və uzun müddətdə komada qalmış hərbçilərdir.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, ümumilikdə 2024-cü ildə 5 nəfər avtomobil qəzasından, 4 nəfər müxtəlif bədbəxt hadisələrdən, 3 nəfər müxtəlif xəstəliklərdən, 3 nəfər intihardan, 2 nəfər antiterror əməliyyatları səbəbindən, 1 nəfər qeyri-qanuni haldan, 1 nəfərsə naməlum səbəbdən dünyasını dəyişib.

Bu dövrdə dünyasını dəyişənlərin 17 nəfəri Müdafiə Nazirliyinin, 2 nəfəri isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub.

Dünyasını dəyişənlərin 11 nəfəri əsgər, 7 nəfəri zabit, 1 nəfəri isə gizirdir.

2024-cü ildə ümumilikdə ən azı 18 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. Onlardan 15-i avtomobil qəzası nəticəsində, 2-si erməni gülləsindən xəsarət alıblar. 1 nəfərsə zəhərlənib.

Azərbaycanın Təhlükəsizlik və Müdafiə qurumları bu məlumatla bağlı hələ şərh verməyib.

Müqayisə üçün bildirək ki, 2023-cü ilin müvafiq dövründə (ilk 6 ay) Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri ən azı 37 nəfər idi. Onlardan 9 nəfəri döyüş itkiləri, 28 nəfəri isə qeyri-döyüş itkiləri idi. Ümumilikdə həmin dövrdə 11 hərbçi intihardan, 7 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından, 7 nəfər müxtəlif xəstəliklərdən, 3 nəfər qəzalardan, 3 nəfər bədbəxt hadisədən, 1 nəfər qeyri-nizamnamə hadisəsindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan dünyasını dəyişmişdi.

Yaralılara gəldikdə isə, 2023-cü ilin ilk yarısında ən azı 7 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. Onların mütləq əksəriyyəti erməni gülləsindən və mina partlayışından xəsarət alıblar.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından etibarən fəaliyyət göstərir.

 

Turan.az