Bakıda yataqxanada yanğın olub- iki nəfər ölüb

Bakı şəhəri Nərimanov rayonu Malik Məmmədov küçəsi, 12 ünvanında yerləşən beşmərtəbəli yataqxanada yanğın baş verib.
 
Hadisə martın 5-də, gecə saatlarında olub.
 
Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 3-cü mərtəbəsində başlayıb.
 
Hadisə nəticəsində Elza və Surxay Əliyevlər həyatlarını itirib. 6 nəfər isə xəsarət alıb, tüstüdən zəhərlənib. Onlardan 1-i Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 5-i isə Toksikologiya Mərkəzinə yerləşdirilib.
 
Tüstüdən zəhərlənənlər arasında Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Habil Sadıqov da olub.
 
Rəis müavini sakinlərin təxliyəsinə yardım edərkən tüstünün təsirinə məruz qalıb.
 
Ona hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadaları tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
 
Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları, o cümlədən 8 yanğınsöndürən avtomobil, 11 təcili tibbi yardım maşını cəlb olunub.
 
İlkin məlumatlara görə, yanğın elektrik xətlərində yaranan qısaqapanma nəticəsində baş verib.
 
Binanın sakinləri təxliyə edilib.
 
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Nərimanov rayonun rəhbərliyi gəlib. Artıq yanğının qarşısı alınıb, soyutma işləri aparılır.
 
Meydan Tv