Narkoloji Mərkəzdəki yanğında dövlətə 37 min ziyan dəyib

Martın 2-də Respublika Narkoloji Mərkəzdə baş verən yanğının dövlətə nə qədər ziyan verdiyi məlum olub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə nəticəsində orada müalicə olunan 25 nəfər pasiyent yanaraq ölüb. Eyni zamanda, yanğın nəticəsində dövlətə məxsus olan mərkəzə maddi ziyan da dəyib. İstintaqın ilkin mərhələsində aparılan araşdırma nəticəsində məlum olub ki, yanğından sonra xəstəxanaya dəyən ziyanın məbləği 37 min manatdan çoxdur.

Qeyd edək ki, hadisə nəticəsində Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs – Mahir Abdullayev həbs edilib. Onlar yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham edilir.