İlqar Məmmədov azadlığa buraxılır?- Avropa Parlamentinin məruzəçisi REAL sədri ilə bunu müzakirə edib

Avropa Parlamentinin daimi məruzəçisi Norika Nikolainin Bakıya səfərində REAL sədrinin hansı formada azadlığa çıxma məsələsi müzakirə edilib

Aprelin 28-də Azərbaycanda səfərdə olan Avropa Parlamentinin daimi məruzəçisi Norika Nikolai hazırda həbsdə olan REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb. Görüş İ.Məmmədovun saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsində baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə partiyadan açıqlama yayılıb.

“Görüşlə bağlı İlqar Məmmədov onlara bunu deyib: Görüşdə azadlığım haqqında hakimiyyətlə siyasi dialoqa dair bəzi tələblərimi təkrarən onun diqqətinə çatdırdım. Hansı ki, vəkilim vasitəsilə ötən il çatdırdığım o tələblər rədd edilmişdi”, – deyə, partiyanın məlumatında İ.Məmmədova istinadən bildirilir.

Qeyd edək ki, N.Nikolai səfəri çərçivəsində Azərbaycanda bir sıra rəsmilərlə görüşüb. O, aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla bir araya gəlib. Görüşlərdə Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri müzakirə edilib.

Məlumat üçün bildirək ki, bu tipli səfərlər artıq intensiv xarakter almağa başlayıb. Mayın 6-da da Avropa Parlamentinin bir qrup nümayəndəsi ölkəmizə gələcək. Çoxları hesab edir ki, may ayında REAL rəhbərinin azadlığa çıxacağı ehtimalı böyükdür.

Natiq Cəfərli ile ilgili görsel sonucu

REAL-ın icraçı katibi Natiq Cəfərli açıqlamasında İ.Məmmədovla baş tutan bu görüşün pozitiv hal olduğunu söylədi: “Görünən odur ki, İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı Avropa institutları tərəfindən ciddi işlər aparılır. Eyni zamanda Azərbaycan hökuməti də bu məsələnin ciddiliyini dərk edib, bu məsələnin həlli üçün zamanın yetişdiyini anlayır. Ona görə də belə bir görüş təşkil olundu. Təəssüf ki, İlqar Məmmədovla özümüz görüşə bilmədiyimizdən daha detallı məlumatlar ala bilmirik. Amma telefonla verdiyi məlumat əsasında deyə bilərik ki, bu görüşdə İlqar Məmmədovun hansı formada azadlığa çıxma məsələsi müzakirə edilib. Çox güman ki, bu müzakirənin nəticələri hökumət dairələrinə də çatdırılıb. İlqar Məmmədov qeyri-qanuni olaraq həbs edilməsinə, Avropa İnsan Haqları Məhkəməsinin qanunsuz həbslə bağlı iki qərarına baxmayaraq, artıq verilən cəzanın 3/2-indən çoxunu çəkib. İndiki qanunvericilik imkan verir ki, bu kateqoriya ilə məsələyə baxıb İlqar Məmmədovu azad etmək mümkündür. May ayında əfv və amnistiyanın olacağı ilə bağlı artıq çoxdandır söz-söhbətlər gedir. Əfvlə bağlı İlqar Məmmədovun mövqeyi hər zaman birmənalı olub. Əfv üçün müraciət etməyib və etmək fikri də yoxdur. Amnistiya isə şəxslərə deyil, maddələrə tətbiq oluna bilər. Orada çox güman ki, isimlər olmayacaq. Cəzanın çəkilən hissəsi, məhbusun səhhəti və ailə vəziyyəti nəzərə alınacaq. Açığı, bunların hansı formada olacağı şəxsən bizim üçün maraqlı deyil. Əsas olan odur ki, qanunsuz şəkildə İlqar Məmmədovun beş ildən artıq həbsdə saxlanılması utanc gətirir. İlqar Məmmədovun hansı formada azadlığa çıxmasından daha çox faktın özü vacibdir. Düşünürəm ki, bu yöndə Azərbaycanla Avropa institutları arasında müəyyən danışıqlar aparılır, işlər gedir. Bu danışıqların bu görüşün nəticəsi olaraq davam etdiyini düşünürəm”.

N.Cəfərli Avropa Parlamentinin nümayəndələrinin mayın 6-da Azərbaycana gözlənilən səfəri barədə də danışdı: “Bu səfərdə həm İlqar Məmmədov, həm də imzalanması gözlənən saziş məsələsi var. Bunları bir-birindən ayırmaq olmaz. Çünki Avropa institutları ilə Azərbaycan arasındakı görüşlərdə, danışıqlarda İlqar Məmmədov məsələsi daim ön sıralarda olub. Avropa institutları ilə görüşlərdə hər zaman vurğulanıb ki, Azərbaycan Avropa Şurasına daxil olarkən öhdəliklər götürüb. İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycanda prioritet məsələ sayılır. İlqar Məmmədovla bağlı isə bu qurumun artıq iki qərarı var. Sonuncu qərar da qüvvəyə minib və bu qərarın yerinə yetirilməsi üçün bir ay vaxt qalır. Bu səfərin hər iki istiqamətdə olma ehtimalları yüksəkdir. Sazişlə bağlı daha detallı danışıqların olması və bu danışıqların yekunlaşması gözlənilir. Əslində biz siyasi təşkilat olaraq belə sazişin imzalanmasından çox məmnun olardıq. Çünki bu saziş çərçivəsində müəyyən işlərin görülməsi çox vacibdir. Avropa standartlarının Azərbaycanda tətbiq olunması, eləcə də Avropaya inteqrasiya yolunda müəyyən addımların atılması çox pozitivdir. Mənə elə gəlir ki, Azərbaycanda dünyəvi və siyasi təşkilatların hər birinin düşüncəsi belədir. Avropa Birliyi ölkələrin maraqlarını təmin edən birlikdir. Azərbaycanla ciddi münasibətlər saxlamaq istəyən qurumdur. Ölkəmizin ən böyük iqtisadi tərəfdaşı ittifaq ölkələridir. Hər iki qurumun mahiyyətinin qarışdırılması bəzən çox məsələlərin həllinə mane olur. Avropa Birliyi institutları ilə yaxın münasibətlərdə hakimiyyət də maraqlıdır. Bu baxımdan ilin sonuna qədər bu sazişin imzalanması mümkündür. Regional təhlükəsizlik, iqtisadi münasibətlər, enerji məsələləri, eləcə də insan haqları istiqamətində müəyyən öhdəliklərin götürülməsi ilə bu saziş imzalanacaq. İmza atıldıqdan sonra Azərbaycan bundan irəli gələn məsələlərin həllini üzərinə götürəcək. Mənə elə gəlir ki, müqavilə imzalansa daha yaxşı olar. Artıq uzun zamandır danışıqlar gedir”.