''Sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyət Əliyevin siyasi paxıllığından irəli gəlir''

İlqar Məmmədov partiyadaşlarının həbsinə münasibət bildirib

Hazırda məhbus həyatı keçirən, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov 28 May yürüşündən sonra təzyiqlərə münasibət bildirib.

O qeyd edib ki, dinc, bütün sivil normalara və etik qaydalara uyğun olaraq keçirilən bayram yürüşündən sonra bir neçə cümhuriyyətçiyə qarşı həbs tədbiri hakimiyyətin mənəvi olaraq zəifliyini göstərir.

"Həbslərin yürüş günü deyil, bir gün sonra həyata keçirilməsi onu göstərir ki, əslində dinc toplaşmaq məsələsində problem heç də polisin davranışı deyil. Polis tamamilə normal şəkildə bu prosesi tənzimləmişdi, sadəcə olaraq İlham Əliyev bu bayram tədbirinin miqyasını və ruhunu görəndən sonra hüquq-mühafizə orqanlarına orada iştirak edən insanların cəzalandıırlmasını tapşırıb. Bu bir daha göstərir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyət birbaşa polisdən qaynaqlanmır, bu İlham Əliyevin siyasi paxıllığından irəli gəlir".

28 May Respublika Günü ilə bağlı yürüşdən sonra ReAL partiyasının 4 üzvü inzibati həbsə məruz qalıblar.

Həbslərlə əlaqədar 100 nəfər Vətəndaş cəmiyyətinin fəalı daxili işlər naziri Ramil Usubova müraciət ediblər.

meydan.tv