REAL "40 000 imza" kampaniyasının yekunlaşması ilə bağlı mətbuat konfransı keçirib - Fotolar

Rakurs.tv-nin verdiyi xəbərə görə, fevralın 28-də REAL-ın ofisində “40 000 imza” kampaniyasının yekunlaşması ilə əlaqədar mətbuat konfransı keçirilib. 

REAL partiyasının sədri İlqar Məmmədov çıxış edərək,  artıq imza kampaniyasının tamamlandığını bildirdi:

“Biz rəsmən imza kampaniyasına 19 noyabr 2018-ci il tarixində başlamışdıq. Qərar oktyabrın 27-də verilmişdi. İmza kampaniyasının faktiki başlanğıcı noyabr ayının sonunda oldu, bu 3 ay davam elədi. 3 ay ərzində biz təklif elədiyimiz üç təşəbbüs üçün hansı ki iki qanunvericilik layihəsi ilə onlar əhatə olunur, 41658 imza topladıq və yaxın günlərdə onları Milli Məclisə təqdim edəcəyik. Qeyd elədiyim kimi təqdim olunandan sonra  iki ay ərzində Milli Məclis onlara baxmağa, münasibət bildirməyə lazım bilirsə, qəbul etməlidir. Kampaniyada yüzlərlə üzvümüz iştirak etmişdi, üzvlərimizdən başqa təxminən 250 nəfər könüllü də qoşulmuşdu. Bilirsiniz ki, bu kampaniya üçün "40 000.biz" adlı sayt yaratdıq və orada bütün imza kampaniyasının təfsilatı var: qanun layihələrinin, onların əsaslandırılmasının bütün sənədləri orada dərc edilmişdi. Onları oxuyan, tanış olan təxminən  250 nəfər könüllü də bu prosesə qoşuldu və imzatoplama kampaniyasında bizə kömək etdilər: hərəsi ən azı on beş, iyirmi imza toplayıb, bəziləri hətta yüzlərlə imza toplamış könüllülər bu prosesdə iştirak ediblər. Təxminən 2000 nəfərə yaxın adam bizim ofisə gəlib və bu kampaniyaya imza qoydu. Ümumilikdə imzatoplama prosesini 750 aparıb, onların da 250-si könüllülər - bizim partiyamıza aidiyyatı olmayan insanlar idi. İmza toplayan heyətin təxmini hesablamalarıdır: yığılan imzaların 48 faizi Bakıdan kənarda toplanmışdı, lakin toplanmış bütün imzaların 60 faizi bölgələrdən kənarda qeydiyyatdadırlar. Mən bütün üzvlərimizə və könüllülərə  bu kampaniyada iştirak etdikləri üçün təşəkkür edirəm. Bir sıra partiya və təşkilatlar bu kampaniyanın həyata keçirilməsində bizə həm mənəvi dəstək oldular, hətta imza da topladılar. “D18” və “Nida” hərəkatı onlarla, yüzlərlə imza toplayıb bizə təhvil verdi. Bəzi partiya sədrləri, ictimai xadimlər öz mənəvi dəstəyini ifadə etmək üçün ofisimizə gələrək imzaladılar, onlara da öz təşəkkürümü bildirirəm”.

Daha sonra REAL sədri imzatoplama kampaniyası  ilə əlaqədar jurnalistlərin suallarını cavablandırıb.